Cəmiyyət 8 İyul 2023, 22:20 | Baxış sayı: 141
“Biz hara gedirik?”

Biz hara gedirik?

 

“Artıq 3 ilə yaxındır ki, ictimai maliyyə islahatları çərçivəsində pilot sektorda - təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərclənmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb. Buyurub təhsildəki nəticələrə baxa bilərsiniz:

 

- Bu il magistr olmaq istəyən bakalavrların 1670 nəfəri 0-30 bal (maksimum bal 100) toplayıb. İmtahanlarda 24118 bakalavr iştirak edib.

 

Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası nəticə göstərib.

 

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu təxminən 31.000 abituriyent edir. Bunun bir adı var: funksional savadsızlıq…

 

Təhsildə təkamül yolunu seçənlərin nəzərinə bir məsələni də çatdırmaq istəyirəm.

 

Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub.

 

Türk Dövlətlərinin Qlobal reytinqdə TOP-100 siyahısına Qazaxstanın 7, Türkiyənin 11 Universiteti düşüb. Bizim Universitetlərin heç biri TOP-1000-ə düşməyib. UNEC-1001-1200-cü yerləri, Neft və Sənaye Universiteti isə 1201-1400-cü yerləri tutub. Maraqlı bir məqamı qeyd edim. Abay Qazax Milli Pedaqoji Universiteti 681-ci yerdə qərarlaşıb.  Azərbaycan Dövlət Pedaqoji Universiteti və Tibb Universiteti isə heç 1500-lük reytinq cədvəlinə düşə bilməyiblər. Müəllim və həkim hazırlayan universitetlərin bu cür axsamaları heç də ürəkaçan deyil.

Azərbaycan Prezidenti İlham Əliyev 31 yanvar 2008-ci ildə “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. 15 il vaxt keçib. Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür acınacaqlı mənzərə ilə üzbəüz qalmazdıq.

Xəbərlər