Plenar iclaslar 16 Noyabr 2021, 18:04 | Baxış sayı: 214
"Biz də mövcud epidemioloji vəziyyəti  və xüsusən də pandemiyanın, yoluxma sayının azalması ilə bağlı qaydaları nəzərə alaraq mərhələli şəkildə dəmir yolu nəqliyyatının bərpasının tərəfdarıyıq".

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin qaydalarının yumşaldılması ilə bağlı qərarı ilə Azərbaycanda bütün yerüstü və yeraltı nəqliyyat vasitələrində sərnişin daşınmasına icazə verilib.

Məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları “QSC hələ də rayonlararası sərnişin daşınmasını bərpa etmir.

Məsələ ilə bağlı qurumdan Modern.az-a bu istiqamətdə yenilik olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcəyi bildirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, karantin qaydaları yumşaldıqdan sonra ictimai nəqliyyatda, eyni zamanda real sektorda açılımalar mərhələli şəkildə həyata keçirilir:

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən epidemioloji vəziyyət nəzərə alınaraq qərarlar verilir. Təbii ki, biz də mövcud epidemioloji vəziyyəti  və xüsusən də pandemiyanın, yoluxma sayının azalması ilə bağlı qaydaları nəzərə alaraq mərhələli şəkildə dəmir yolu nəqliyyatının bərpasının tərəfdarıyıq. Bu nəqliyyat növündə də məhz yeni qaydalar müəyyənləşməklə fəaliyyətinin bərpası mümkündür”.

İqtisadçı deputat qeyd edib ki, burada da sosial məsafənin qorunması və eyni zamanda hər qatarda olan sərnişinlərin sayı ilə bağlı yeni qaydaların müəyyənləşməsi mümkündür:

“Nəticə etibarı ilə qaydaların müəyyənləşdirilməsi də artıq imkan verə bilər ki, həmin istiqamətdə dəmir yolunun fəaliyyəti bərpa olunsun. Xüsusən, nəzərə alsaq ki, regionlar və Bakı arasındakı əlaqə baxımından bu, çox vacibdir. O baxımdan müasir epidemoloji vəziyyətə və sanitar qaydalara uyğun olaraq, yeni qaydalar müəyyələşsin və bu sahədə açılma reallaşsın”.

Xəbərlər