Plenar iclaslar 5 May 2022, 13:51 | Baxış sayı: 244
"Biz artıq alternativ xidmətlə bağlı düşünməliyik".

“44 günlük Vətən müharibəsi də göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var”.

APA xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu, Aprel döyüşlərində də özünü göstərmişdi: “Ali Baş Komandanımız tərəfindən elə yeni texnikalar orduya cəlb edilib ki, onu işlətmək üçün adi çağırışçı yox, mütəxəssis lazımdır. Ona görə də müqavilə əsasında bu prosesə tam keçməyimizə ehtiyac var. Bu məsələlər gələcəkdə qanunlarda nəzərə alınmalıdır”.

Siyavuş Novruzov qeyd edib ki, bəzi insanların sağlamlığı imkan versə də, bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir: “Ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı düşünməliyik. Alternativ hərbi xidmətlə bunu qarışdırmaq olmaz. Bu, alternativ xidmətdir. Bütövlükdə Türkiyə modelini də nəzərə alsaq, gələcəkdə ordu sıralarımızın təkmilləşdirilməsi üçün biz bu addımları atmalıyıq”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Siyavuş Novruzovun qaldırdığı birinci məsələ ilə bağlı bildirib ki, qanuna bu dəyişiklik məhz həmin məsələ ilə bağlıdır: “Biz ona görə bu dəyişikliyi edirik”.

Xəbərlər