Plenar iclaslar 27 Dekabr 2021, 17:28 | Baxış sayı: 191
"Bir şəhid ailəsinə, bir əlilə beş-on dəfə kömək edilir, lakin elə ailə, elə əlil var ki, heç qapısı döyülməyib".

“Azərbaycanda Birinci Qarabağ müharibəsinin 20 minə yaxın, İkincinin isə 3 minə yaxın şəhidi var. Dövlət tərəfindən onların ailələrinə, habelə müharibə əlillərinə dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputatın sözlərinə görə, bir şəhid ailəsinə, bir əlilə beş-on dəfə kömək edilir, lakin elə ailə, elə əlil var ki, heç qapısı döyülməyib.

O bunun aradan qaldırılması üçün bir sıra təkliflər səsləndirib: “Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət Reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun. Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə ailə və müharibə əlili və ya yararlısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər”.

Xəbərlər