İqtisadiyyat 6 Yanvar 2023, 15:39 | Baxış sayı: 296
“Bilmirəm, pensiya kapitalının artırılması ilə bağlı məlumatı vətəndaşlar haradan alır, nəyə istinad edirlər?"

“Bilmirəm, pensiya kapitalının artırılması ilə bağlı məlumatı vətəndaşlar haradan alır, nəyə istinad edirlər? Pensiya kapitalının artırılması deyəndə nə nəzərdə tutulur? Pensiya kapitalı vətəndaşın əmək haqqından tutulan vəsait hesabına çoxalır. Kapitala nə qədər vəsait toplanarsa, vətəndaşlarımızın pensiya yaşı çatdıqdan sonra bu məbləğ daha yüksək olacaq. Kimin pensiya kapitalı azdırsa, bu, onun aldığı pensiyaya təsirini göstərməlidir. Bu, təbiidir. Elə adam var ki, çalışır, əmək haqqı yüksəkdir, onun pensiya kapitalına yığılan məbləğ də yüksək olur. Amma minimum əmək haqqı alan vətəndaşlarımızın pensiya kapitalına istər-istəməz az kapital toplandığına görə fərqlər ortaya çıxır. Bəzən sual verirlər ki, pensiya yaşına çatan ərəfədə insan vəfat edərsə, pensiya kapitalına toplanmış vəsait onun yaxınlarına verilsin, yaxud başqa varislərindən birinə verililsin.  Bu məsələ tez-tez qabardılır. Qanunvericilikdə əksini tapmadığına görə hələlik bu məsələ gündəmdə deyil…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov deyib.

 

 

Deputat bildirib ki, aidiyyəti nazirlik tərəfindən pensiya kapitalı hər il yenidən hesablanır: “Yeni dəyişikliyə əsasən, bir çox şərtlər də var. Az pensiya alan vətəndaşlarımıza 200 manat məbləğində sosial müavinət də verilir. Əvvəllər sosial müavinət şəklində verilən məbləğ pensiya kimi hesablanmırdı. Mövcud Qanunvericiliyə görə, yeni artırılmış müavinətlər də artıma təsir göstərəcək, yəni aidiyyəti qurumlar hər il bir dəfə hesablayaraq vətəndaşın xəbəri olmadan artımları onların pensiyalarının üzərinə əlavə edəcəklər”.

 

A.Məmmədov bildirib ki, pensiya kapitalının arıtırlması məsələsinin tənqid edilməsinə ehtiyac yoxdur: “Vətəndaş pensiya kapitalında vəsait olmasa da, ən azından minumum pensiya ilə təmin olunur. Məsələn, deyə bilərlər ki, bu şəxsin pensiya kapitalında vəsait yoxdur, buna pensiya düşmür. Amma dövlət bu cür insanları da nəzərə alaraq minimum əmək haqqı ilə pensiyaya çıxan, yaxud əmək stajı olmayan vətəndaşlarımızı minimum pensiya ilə pensiyaya çıxarırlar. Bu, həmin kateqoriyada olan insanlara dövlət qayğısının bariz nümunəsidir. İşləməyən elə vətəndaşlar var ki, onlar şəxsi əməklə məşğul olurlar, vergidən yayınmaq üçün qeydiyyata düşmürlər. bu cür də pensiyaya çıxırlar. Penisya kapitallarında da heç bir vəsait toplanmır. Amma pensiya yaşına çatanda minimum pensiya alırlar, deyirlər ki, topladığım kapital hara gedib?”

 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, minimum əmək haqqı və pensiyanın artırılması nəzərdə tutulub: “Bu cür sosial paketlərin hazırlanması birinci dəfə deyil. Son beş ili araşdırsaq, görərik ki, bu, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar artıq dördüncü sosial paketdir. Ölkə rəhbəri bu istiqamətdə sərəncamlar imzalayır, tapşırıqlar verir. Cənab Prezidentin siyasi xəttinin əsas istiqamətlərindən biri vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasıdır. Ona görə də bu məsələ daim gündəmdədir, izlənilir, əlaqəli şəkildə işlər həyata keçirilir. Cənab Prezidentin Sərəncamına uyğun olaraq, minimum əmək haqqı 2023-cü il yanvar ayının 1-dən 345 manata çatdırıldı. Bu rəqəm əvvəl 300 manat idi. Məbləğin artırılması vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, eyni zamanda onların alıcılıq qabiliyyətinin nəzərə alınması məqsədi daşıyır. Məsələ bununla bitmir. Cənab Prezident Nazirlər Kabinetinə də tapşırıqlar verib ki, bir ay müddətində əmək haqlarının artırılması ilə bağlı Sərəncamın birinci bəndi nəzərə alınmaqla, dövlət qulluğunda çalışan, dövlət büdcəsindən maliyyələşən vətəndaşlarımızın da əmək haqları minimum əmək haqqına uyğun hesablanıb Prezidentə təqdim olunsun. Minimum pensiya məbləği də 280 manata çatdırıldı. Bununla bağlı da hesablamalar 10 gün müddətində hazırlanıb təqdim olunacaq, yanvar ayından pensiyaçılarımız bu artımı ala biləcəklər. Bu, təxminən, 1 milyondan artıq pensiyaçının sosial rifahının yaxşılaşmasına xidmət edə biləcək. Az rəqəm deyil. Bazar qiymətlərini nəzərə alaraq bu cür artımın olması qəbulediləndir, təqdirəlayiq bir haldır. Bu, son deyil. Növbəti illərdə belə proqramlar gözləniləndir”.

Xəbərlər