Siyasət 16 Noyabr 2022, 12:27 | Baxış sayı: 242
"Belə bir sənədin qəbul edilməsi Azərbaycan-Fransa münasibətlərinə də zərbə vurur”

“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qərəzli və reallıqdan uzaq bir sənəddir. Belə bir sənədin qəbul edilməsi Cənubi Qafqazda sülh prosesinə kölgə salır, eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinə də zərbə vurur”.


Bu fikirləri Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Soltan Məmmədov deyib.


Deputat vurğulayıb ki, senatda qəbul edilmiş qətnamə əsassız ittihamlara və faktoloji mənbəyi olmayan mülahizələrə istinadən hazırlanıb. Bu ilin sentyabrında Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatla əlaqədar sənəddə əksini tapmış tezislər onun müəlliflərinin ölkəmizə münasibətdə qərəzli mövqedən çıxış etdiyini göstərir: “BMT Nizamnaməsinin 51-ci maddəsi istənilən dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüzə məruz qalan tərəfə özünü müdafiə etmək hüququ verir. Azərbaycan faktiki olaraq, BMT Nizamnaməsinin ona verdiyi hüququndan istifadə edib. Fransa Senatında bu sadə həqiqəti yəqin ki, hər kəs bilir. Ona görə də, tam əminliklə demək olar ki, Fransa senatının üzvləri növbəti dəfə Azərbaycana qarşı öz qərəzlərini nümayiş etdirirlər. 2020-ci ilin sentyabrında da Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə sənədlər qəbul edilmişdi. Biz hətta indiyə qədər qəbul edilən bütün ədalətsiz sənədləri, qeyri-obyektiv açıqlamaları bir kənara qoysaq belə, bu gün qəbul edilmiş sənəd Fransanın Cənubi Qafqazla bağlı proseslərdə iştirakının bu bölgənin xalqları üçün nə dərəcədə faydalı ola biləcəyini şübhə altına qoyur”.


Soltan Məmmədov qeyd edib ki, Fransa senatının Azərbaycanı irqi ayrı-seçkilikdə, ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham etməsi əsassız olmaqla bərabər həm də təəccüb doğurur: “Əgər Fransa Senatı doğrudan da ədalətin tərəfindədirsə, öz fəaliyyətində beynəlxalq hüququ, obyektivliyi əsas götürürsə Əlcəzairdə törədilmiş soyqırımını müzakirə etməsi daha məntiqli görünərdi. Xatırladım ki, Fransanın işğalçılıq siyasəti 1,5 milyon əlcəzairlinin məhv olmasına səbəb olub. 1961-ci il oktyabrın 17-də əlcəzairlilərin Parisdə nümayişi zamanı Fransa polisinin qəddarlığı nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib və bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa Senatı bu məsələlərə münasibət bildirməsi daha doğru olardı”.


Deputat xatırladıb ki, Vətən müharibəsindən sonra Fransa parlamentində qəbul olunan sənədlərə etiraz olaraq, 2020-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisinin Bəyanat qəbul edib və bu gün də həmin bəyanatda əksini tapmış müddəalar öz aktuallığını saxlayır: “Çünki ötən dövrün təcrübəsi Fransanın Azərbaycanla münasibətlərdə etibarlı və dayanıqlı tərəfdaş olmadığını göstərir. Belə olan təqdirdə Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasna töhfə verməsi mümkünsüz görünür, eyni zamanda Cənubi Qafqazda gedən proseslərdə iştirakı da öz mənasını itirir”.

Xəbərlər