Siyasət 15 Mart 2023, 14:41 | Baxış sayı: 101
“Barələrində cinayət işləri açılan mühacirlərin Azərbaycana ekstradisiyası əvvəl-axır olacaq”

“Cənab Prezident İlham Əliyevin Almaniyaya səfərinin əhəmiyyəti çox böyükdür. Məlumdur ki, Almaniya Avropada əsas rol oynayan aparıcı dövlətlərdən biridir, həm iqtisadiyyatına, həm hərbi gücünə, nüfuzuna, dünyadakı roluna görə NATO-nun, eləcə də Avropa İttifaqının aparıcı dövlətidir. Bu baxımdan, cənab Prezidentin səfəri Azərbaycanın NATO, Avropa İttifaqı və Almaniya ilə münasibətləri baxımından çox böyük əhəmiyyət kəsb edir. Cənab Prezident alman şirkətlərinin rəhbərləri ilə, kanslerlə ciddi müzakirələr apardı, Azərbaycanda görülən işlər, Azərbaycan həqiqətləri, xüsusilə Qarabağla, işğaldan azad olunmuş ərazilərlə bağlı məsələlər geniş şəkildə müzakirə olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu bir daha ictimaiyyətin, alman mətbuatının diqqətinə çatdırıldı. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın da Almaniyaya səfəri olmuşdu və bir neçə bəyanat səslənmişdi. Cənab Prezidentlə görüşdə bir daha Almaniyanın kansleri tərəfindən, Alman dövləti tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanat səsləndirildi. Alman dövləti və heç bir alman təşkilatı tərəfindən Qarabağın Ermənistan ərazisi kimi tanınmadığı elan olundu. Alman şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə işləmək istəyirlər. Azərbaycanda müxtəlif sferalarda investisiya yatırmaq, yeni texnologiyaların tətbiqi ilə əlaqədar fikirlərini bildirdilər. Cənab Prezident Azərbaycanın investisiya yatırmaq üçün ən sabit ölkə olduğunu bir daha onların diqqətinə çatdırdı. Azərbaycanda indiyə qədər işləyən alman şirkətlərinin heç bir probleminin  olmaması digər şirkətlərin də gələcəkdə Azərbaycanla əməkdaşlığına geniş yol açır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

S.Novruzov Almaniya ilə danışıqlardan sonra mühacirlərin Azərbaycana ekstradisiya ediləcəyi ehtimalını isə belə dəyərləndirib: “Bu, taktiki məsələdir, Prezident səviyyəsində olan məsələ deyil. Ola bilər ki, xaricdəki mühacirlərdən kimsə özündən belə bir məsələ ortaya atır, əhəmiyyətini qaldırmaq istəyir. Qeyri-qanuni mühacirdirsə, təbii ki, ekstradisiya olunmalıdır. Cinayət törədibsə, məhkəmə qaydasında cəzasını almalıdır. Bilirsiniz ki, bir çoxuna Baş Prokurorluq, hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Onların axtarışları ilə bağlı İnterpola məlumatlar göndərilib, sənədlər təqdim olunub. Yəni bu, İnterpol səviyyəsində olan məsələdir. Onsuz da həmin mühacirlərin Azərbaycana ekstradisiyası əvvəl-axır olacaq. Dövlətə, millətə, orduya qarşı Azərbaycana düşmən olan dövlətlərin maraqlarına xidmət edən, onlardan məsləhət alan hər kəs cinayət məsuliyyəti daşıyır və cəzalarını çəkəcək, qanun qarşısında cavab verəcəklər”.

Xəbərlər