Cəmiyyət, İqtisadiyyat 1 Avqust 2022, 14:30 | Baxış sayı: 301
"Bankların regionlara daha az kredit ayırmasının səbəblərindən biri rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır".

“Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri də rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. İslahatlar bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılmasını və gizli iqtisadiyyatın minimumlaşdırılmasını hədəfləyir”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, regionlarda yeni, xüsusən də ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması çox vacibdir: “Bu isə bölgələrə daha çox sərmayənin cəlb edilməsi məsələsini daha da aktuallaşdırır. Yeri investisiya qoyuluşlarında bank kreditləri xüsusi paya malik olmalıdır. Bununla belə, rəsmi statistika təsdiq edir ki, hələ də banklar bölgələri maliyyələşdirməkdə çox da maraqlı deyillər. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyluşunun 77 faizindən çox yalnız Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər”.

V.Bayramov qeyd edib ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar: “Digər tərəfdən də, inzibati yollar ilə bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi bankları regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu bölgələrimiz daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər. Monitorinqlər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.

Xəbərlər