İqtisadiyyat 26 Sentyabr 2023, 15:57 | Baxış sayı: 196
"Bakının hava limanında sərnişin axının 40 %-i xarici aviaşirkətlərin payına düşür"

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həm sərnişin daşıması, həm də ölkənin hava limanlarını mülkiyyətində saxlayaraq yerüstü xidmətlər göstərməsi dövlətin siyasətinə uyğundur.

Bunu iqtisadiyyat nazirinin müavini, AZAL-ın Müşahidə Şurasının üzvü Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Rəqabət Məcəlləsi ilə bağlı keçirdiyi ictimai dinləmədə, aviaşirkətin inhisarçı olması ilə bağlı ittihamlara cavab verərkən bildirib.

Onun fikrincə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidməti bu məsələdə dövlətin siyasətinə əməl etməlidir.

Komitə sədri, deputat Tahir Mirkişili isə bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu ilə AZAL-dan başqa 10-dan çox xarici aviaşirkət uçuş həyata keçirir: "Bakının hava limanında sərnişin axının 40 %-i xarici aviaşirkətlərin payına düşür. Halbuki, İstanbulun Beynəlxalq Hava Limanından sərnişindaşınmanın 80 %-i milli aviadaşıyıcıya - "Türk Hava Yolları" şirkətinə məxsusdur".

report.az

Xəbərlər