"Bakıdakı silahlı hücumda kənar qüvvələrin əli hiss olunur”
“Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın barədə hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisəni törədənlərdən biri məhv edildi, digəri həbs olundu. Hətta məlumata görə, onun evindən silah da tapılıb. Çox təəssüf ki, bu adam Bakının mərkəzində yaşayıb və bunu aşkar edə bilməyiblər. Bu, çox ciddi məsələdir. Təhlükəsizliyimizi təmin etmək üçün bu məsələyə daha dəqiq yanaşmaq lazımdır ki, bir də belə hadisələr baş verməsin. Silahlı basqını əvvəlcədən hazırlanmış, düşünülmüş hadisə kimi qiymətləndirirəm. Çünki mətbuatda paylaşıldı ki, burda cəmi yüz min manat vəsaitdən söhbət gedir”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat baş verən silahlı hücumda başqa dövlətlərin izi olması, bunun terror aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də münasibət bildirib: “İndi mətbuatda çox söhbətlər gedir. Amma araşdıracaqlar. Həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyi bu işlə ciddi məşğuldur, istintaq qrupu yaradılıb. Əlbəttə, bu hadisədə başqa izlər görürəm, mümkündür. Amma aydınlaşdırmaq lazımdır. Mən də Ruhlan İsmayılovun sosial şəbəkədəki profilinə baxdım. Hansısa şəkil qoyulubsa da, hadisəni bununla müəyyən etmək mümkün deyil. Kənar qüvvələrin burda əli hiss olunur, amma hansı, nə - bunu yalnız istintaq müəyyən edə bilər”.