Ümumi 14 Fevral 2023, 16:00 | Baxış sayı: 138
“Bakıdakı binalar ciddi şəkildə yoxlanılmalıdır”

“Azərbaycanda tikinti sahəsinə niyə inam yoxdur, bunu deyə bilmərəm. Çünki aparılan tikintilərlə əlaqədar müəyyən problemlər olub, bu gün də var. Türkiyədəki zəlzələ göstərdi ki, orada tikililər çox acınacaqlı vəziyətdədir, sementin tərkibi keyfiyyətsizdir və s. Azərbaycanda müəyyən qədər yoxlamalar aparılır. Amma arada boşluq yarandı. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də dedi ki, 2019-cu ilə qədər Mərkəzə heç bir inşaat şirkəti müraciət etməyib. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin tərkibində bu işə baxan idarə var. Onlar binaların istifadəyə verilməsi, tikinti zamanı mütəmadi yoxlanışlar aparılması prosesini həyata keçirirlər. İndi bu prosesi nə qədər doğru həyata keçirib-keçirmədiklərini deyə bilmərəm, amma hesab edirəm, vicdanı olan hər bir Azərbaycan vətəndaşı ev tikirsə, zəlzələyə davamlılığı da nəzərə almalıdır. Müasir texnologiyalar var, yapon texnologiyalarından istifadə edə bilərlər. Artıq hadisələr elə bir vəziyyətə gəlib çatıb ki, hamı narahat olur. Buna görə də, düşünürəm, ciddi yoxlamalara ehtiyac var…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, xüsusilə çoxmərtəbəli binalar yoxlanılmalıdır: “Bəzi köhnə binaların zirzəmilərini söküb, ticarət obyektləri yaradıblar. Bunlar hamısı yoxlanılmalıdır. Çünki insan taleyindən söhbət gedir. FHN, yəqin ki, bu sahədə işini bir az təkmilləşdirəcək, yoxlamaları daha ciddi davam etdirəcək…”

 

V.Əhmədov “Bakıdakı binalarda yoxlamalar aparılsa da, inşaat şirkətləri rüşvət verib, məsələni bağlayacaqlar” deyənlərə isə belə cavab verib: “Buna inanmıram, çünki indi məsələ o qədər ciddidir ki, dövlət başçısı da bu işlərlə bağlı göstərişlər verib. Hətta Nərimanov rayonunda köhnə, yarımçıq binaları sökürlər. Bu iş mütəmadi getməlidir. Gözləməli deyilik ki, nə vaxt zəlzələ olacaq. Hər bina tikilində bütün bu məsələlər həllini tapmalıdır. Bina zəlzələyə davamlı deyilsə, standartlara cavab vermirsə, heç onun tikintisinə, orada yaşayışa icazə vermək lazım deyil. Çox təəssüf ki, bizdə binalar tam istifadəyə verilməmiş sakinlər köçüb yaşayırlar. Son vaxtlar bina tikintisi ilə bağlı insanları o qədər aldadıblar ki, insanlar, əlbəttə, narahatdırlar. Amma vicdanı olan hər bir azərbaycanlı necə bina tikməsindən asılı olmayaraq, çox diqqətli olmalı, bütün tələblərə cavab verən bina inşa etməlidir”.

Xəbərlər