“Bakıda çoxlu sayda əmlaklar var ki, sığortaya cəlb olunmur”
Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortasında elektron xidmətlərin tətbiq edilməsi bütövlükdə bu sahəyə marağın artmasına gətirib çıxaracaq:
"Nəzərə alsaq ki, bu gün daşınmaz əmlakla və onun sığortası ilə bağlı ən ciddi problemlərdən biri məhz marağın yüksək olmaması ilə bağlıdır. Nəinki bölgələrdə, eyni zamanda paytaxta da çoxlu sayda əmlaklar var ki, onlar sığortaya cəlb olunmur. Nəticədə onlar icbari sığortadan istifadə etmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan gələn zaman ödənişlər həyata keçirilmir".
Deputat qeyd edib ki, elektron xidmətlərdən istifadə olunması və elektron müqavilənin tətbiq olunması vətəndaşların daha qısa zamanda hər hansı bir xüsusi prosedur keçmədən sığortadan istifadə etməsinə gətirib çıxaracaq:
"Eyni zamanda sığorta ilə bağlı məlumatların elektronlaşdırılması vahid bazanın güclənməsinə imkan verəcək. Artıq sığortalanmayan əmlakların daha asan və qısa müddətdə sığortaya cəlb olunmasına şərait yaradacaq. Bu baxımdan daşınmaz əmlak icbari sığortanın inkişafı baxımından bu addım zəruridir. Birmənalı şəkildə bu sığorta bazarının həm xidmətlərin elektronlaşması və daha müasir yanaşmaların tətbiqi baxımından, həm də sığorta münasibətlərinin dərinləşməsi aspektindən də vacibdir".