Cəmiyyət 18 İyul 2022, 17:04 | Baxış sayı: 162
"Aztəminatlı ailələrə kompensasiyaların verilməsinə, maaş və pensiyalara baxılmasına ciddi ehtiyac var".

Hazırda bütün dünyada qlobal bahalaşma, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər davam edir. Neftin qiymətləri nə qədər yüksək olsa da, büdcə gəlirlərimiz artsa da, inflyasiyanın sürətinə ciddi təsir göstərmir.

Azərbaycanda həyata keçirilən anti-inflyasiya tədbirləri haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Nazirlər Kabineti bahalaşmaya qarşı tədbirlər planını təsdiq edib.

Deputat deyib ki, hazırda ona əsasən müvafiq addımlar atılır:

"Amma mən hesab edirəm ki, bahalaşma ciddi problemə çevrilir və xaricdə qiymət artımı, Azərbaycanın da idxaldan asılılığı olduğu üçün qarşısını almağa əlavə tədbirlər lazımdır.

Bəzi möhtəkirlər də inflyasiya fonunda yaranmış vəziyyətdən istifadə edir, süni qiymət artımına gedirlər. Ona görə, əlavə müavinətlərə və aztəminatlı ailələrə kompensasiyaların verilməsinə, maaş və pensiyalara baxılmasına ciddi ehtiyac var. Çünki insanların alıcılıq qabiliyyəti azalır, inflyasiya, qiymət artımı sürətlənir".

O qeyd edib ki, istənilən halda bahalaşma qaçılmazdır:

"Bu, dünyada gedən prosesdir. Azərbaycan ərzaq istehsal edir. Düşünürəm ki, bəzi məhsulların istehsalını artırmaqla yanaşı, bir sıra məhsulların da istehsal prosesini öyrənib, Azərbaycanda tətbiq etmək lazımdır. Elə məhsullar var, biz özümüz istehsal edə bilərik, sahibkarlara bununla bağlı dəstək lazımdır. Güzəştli kreditlər ayırmaq, sahibkarları istehsala cəlb etməyə ehtiyac var".

Deputat neftin qiymətinin yüksək olması səbəbindən büdcəyə əlavə vəsait daxil olduğunu da vurğulayıb:

"Amma bu xərclərin istiqamətləndiyi tək sahə ərzaq təhlükəsizliyi, anti-inflyasiya deyil. Müdafiə xərcləri, Qarabağda quruculuq işləri, infrastruktur layihələri, ehtiyat ərzaq məhsullarının alınması və s. sahələrə də diqqət ayrılır. İnflyasiyanın azaldılması, sahibkarlığa şərait yaradılması üçün Rəqabət Məcəlləsinin yaradılmasını da istəyirik. Güman ki, bu, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq".

Xəbərlər