"Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan ölkələrə etiraz notası verilsin"
“Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi təklif edir, o birisi hədə-qorxu gəlir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi imzalandığını xatırladıb: “Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun Rusiya bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də. Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan tələfatına aparan çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı Rusiya dövləti tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik. Digər tərəfdən, bir çox ölkələr hələ də “Dağlıq Qarabağ” ifadəsinə yol verir və zənnimcə bunu qəsdən edir. Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm”.
Razi Nurullayev ölkədə də bəzi xainlərin olduğunu söyləyib: “Vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu, xainlikdir. İmkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın? Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, ikincidə 3000 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin? Çox şeydə güzəşt olar, amma vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə güzəşt olmaz”.