"Azərbaycanın İrandakı səfirliyinə hücuma məişət donu geyindirmək yolverilməzdir"
Azərbaycanın İrandakı səfirliyinə hücuma məişət donu geyindirmək yolverilməzdir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.
Deputat vurğulayıb ki, səfirliyimizə hücum beynəlxalq hüquq və konvensiyalara ziddir:
"Bu hadisə açıq şəkildə ölkəmizə qarşı terrordur. Səfirliyimizə hücum terror kimi qiymətləndirilməlidir. Baş verən hadisəyə İran başqa don geyindirməyə çalışsa da, hər şey ortadadır. Məlum hadisə İranın bizə qarşı iç üzünü bir daha ortaya qoydu. Bütün dünya, beynəlxalq təşkilatlar səfirliyə hücuma sərt münasibət göstərməlidir. Fars-molla rejimi həmişə terror yuvası olub və terrora dəstək verib. Molla rejimi Azərbaycan səfirliyinə hücumun məsuliyyətini öz üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışsa da, heç bir nəticə verməyəcək və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pisləniləcək".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir