"Azərbaycanın gücünün artması regional təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir"
Dünyada və regionda baş verən proseslər ölkənin müdafiə qüdrətinin gücləndirilməsini zərurətə çevirir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar.
Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanın hərbi gücünün artması diplomatik müstəvidə milli maraqlarımızın daha etibarlı qorunmasına imkan yaradır. Deputat qeyd edib ki, Azərbaycan dövləti qarşısında duran prioritet vəzifələri həll etmək üçün bütün imkanlarını səfərbər edir. İşğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılması, ölkənin müdafiə və təhlükəsizlik qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Ötən ay Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edildi. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı xərclər 1.8 milyard manat artırılaraq 4.8 milyard manata çatdırıldı. Bu 50 faizdən çox artım deməkdir. 2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərin bərpasına ümumilikdə 7 milyard manata yaxın vəsait xərclənib. Hesab edirəm ki, bu rəqəmlərin müqayisəsi Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına nə qədər böyük önəm verdiyini təsdiq edir”.
Soltan Məmmədov bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir: “Bu gün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına imkan yaradır”.
Deputat qeyd edib ki, Azərbaycanın hərbi və iqtisadi gücünün artması regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki, bu, həm Ermənistanda revanşist qüvvələr üçün, həm də iki ölkə arasında münasibətlərin normallaşmasına imkan verməyən üçüncü dövlətlər üçün çəkindirici faktordur: “Prezidentin də öz çıxışında qeyd etdiyi kimi, Ermənistan hökumətinin mövqeyində bir sıra müsbət dəyişikliklər müşahidə olunur. Lakin rəsmi səviyyədə verilən bəyanatlar iki ölkə arasında imzalanacaq sülh müqaviləsində öz əksini tapmalıdır. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeganə yol budur”.
APA