Siyasət 16 May 2023, 16:20 | Baxış sayı: 111
"Azərbaycanın Fransanın vasitəçiliyinə heç bir ehtiyacı yoxdur"

"Son illərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli siyasi və iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır. Vətən müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda yaranmış yeni reallıq artıq dünya birliyi tərəfindən də qəbul edilir. Regionda sabitliyin, əmin-amanlığın yaradılması, yenidənqurma və bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün bütün imkanlardan istifadə edilir. Azərbaycan bu müharibədə qalib gələn dövlət kimi Ermənistanı sülh müqaviləsini imzalamağa dəvət edir. Bunun üçün hətta beynəlxalq hüququn normaları ilə tənzimlənən 5 baza prinsipi də təqdim edib. Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürmüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə bir neçə dəfə üçtərəfli görüş də keçirilib.Növbəti  belə görüş isə 2023-cü il mayın 14-də baş tutub."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, bu görüş Brüssel formatının bərpasıdır. Praqada keçirilmiş danışıqlardan sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün həyata keçirilməsiniə çalışırdılar. Azərbaycanın qəti mövqe sərgiləməsi nəticəsində Brüssel formatında görüş keçirildi. Rəsmi  Paris bu görüşdə iştirakdan uzaqlaşdırıldı. ABŞ və Aİ vasitəçilik üçün səylər göstərirlər. Fransa isə çirkin niyyətlərindən əl çəkməyərək sülh prosesinə töhfə verməkdənsə, əksinə, mane olur.  Emmanuel Makron prezident seçkilərində Fransadakı erməni lobbisinin gücündən yetərincə istifadə edib. Görünür, o, ermənilərə borcunu qaytarmaq üçün danışıqlarda iştirak edib, Ermənistanın xeyrinə nəyəsə nail olmaq istəyir. Bu isə mümkün deyil. Çünki Azərbaycanın Fransanın və Emmanuel Makronun vasitəçiliyinə heç bir ehtiyacı yoxdur. Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib. Son üç ilə yaxın bir vaxtda Fransa Senatının ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr beynəlxalq hüquq normalarına açıq şəkildə ziddir. Ümumiyyətlə, Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. Hesab edirəm ki, vasitəçilik etmək həvəsinə düşənlər unutmamalıdırlar ki, 30 il ərzində ən qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların tənzimləyə bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində həll etdi. Ona görə də makronkimilərin vasitəçiliyinə ehtiyacımız yoxdur”.
Deputat diqqətə çatdırıb ki, son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir. Son illərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Qlobal enerji layihələrini, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələri, həmçinin, siyasi əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün fundamental əsaslar hesab etmək mümkündür.

K.Bayramov qeyd edib ki,  Azərbaycan Avropa İttifaqı ölkələri ilə daha sıx əlaqələr qurmaq niyyəti nümayiş etdirdiyi kimi, qarşı tərəf də münasibətlərin dərinləşməsinə böyük önəm verir. Hazırda yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Buna görə də, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən, təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var.  Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Bu gün Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Nəzərə alsaq ki, il ərzində Avropa İttifaqı ölkələrinin 500 milyard kubmetr qaza tələbatı var. Buna görə də, Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır.

Xəbərlər