Siyasət 2 Avqust 2023, 15:35 | Baxış sayı: 99
"Azərbaycanla sanksiyalar və təzyiq üsulları ilə danışmaq səmərəsizdir"

“Fransa parlamenti üzvlərinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə bağlı hökumətə çağırışı beynəlxalq hüquqa hörmətsizlik və başqa dövlətin daxili işlərinə müdaxilə etmək cəhdləridir. Təəssüf ki, bu çağırışın təşəbbüskarları Cənubi Qafqazda sabitləşdirici rol oynamaq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə vermək əvəzinə vəziyyəti daha da dramatikləşdirməyə çalışır”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və burada sərhəd-keçid məntəqəsinin fəaliyyəti barədə bütün qərarları Azərbaycan dövləti verir.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin blokadaya məruz qalması barədə iddialar tamamilə əsassızdır.

O vurğulayıb ki, Laçında sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin və sülhməramlıların, eləcə də erməni sakinlərin təhlükəsiz gediş-gəlişi üçün bütün şərtlər yaradılıb: “Lakin Azərbaycanın bu xoşməramlı yanaşması təəssüf ki, Ermənistan tərəfindən düzgün qiymətləndirilmədi. İyunun 15-də Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılıq cəhdlərinin qeydə alınması göstərir ki, Ermənistan gərginlik yaratmaq, beləliklə də sülh prosesini ləngitmək siyasəti yürüdür. “Humanitar yardım” adı altında yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi də bu siyasətin təzahürüdür. İri həcmli yüklərin əraziyə daşınması üçün “Ağdam-Xankəndi” yolu alternativ variant kimi təklif edilib. Lakin Ermənistan bundan da imtina edir. Bütün bunlar göstərir ki, Ermənistan hökumətinin məqsədi humanitar yardım göndərmək deyil, vəziyyəti gərginləşdirmək, süni ajiotaj yaratmaqdan ibarətdir”.

Deputatın sözlərinə görə, bu gün fransalı siyasətçilərin daha çox diqqət göstərəcəyi məsələlər ölkə daxilində baş verən iğtişaşlardır. Bundan başqa, Fransanın müstəmləkəçilik ənənəsinin davam etdirməsi Afrika ölkələrində də ciddi etiraz dalğasına səbəb olub: “Bütün bu faktlar onu deməyə əsas verir ki, Fransa daxildə olduğu kimi, xarici siyasətdə də ciddi problemlərlə qarşılaşıb. Bu problemləri həll etmək əvəzinə Fransanın Cənubi Qafqazdakı proseslərə neqativ məzmunlu, qeyri-konstruktiv müdaxilə cəhdləri yumşaq desək anlaşılmazlıq yaradır”.

Soltan Məmmədov onu da bildirib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür, eyni zamanda, öz suveren əraziləri ilə bağlı qərarları da beynəlxalq hüquqa, ölkə Konstitusiyasına uyğun olaraq qəbul edir. Azərbaycanla sanksiyalar və təzyiq üsulları ilə danışmaq səmərəsizdir: “Çünki bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquq baxımından tamamilə əsaslandırılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul tarixli qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq olunub. Eyni zamanda, Azərbaycan öz ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarına təminat verir. Bizim ölkəmizi əsassız olaraq etnik təmizləmədə ittiham edən fransalı siyasətçilər öz ölkələrinin tarixinə diqqət yetirsə daha məntiqli olardı. Azərbaycan heç vaxt heç bir xalqa qarşı etnik təmizləmə həyata keçirməyib. Lakin Fransanın tarixində soyqırımına, etnik təmizləməyə nümunə olan çoxlu sayda fakt göstərmək mümkündür”.

apa.az

Xəbərlər