Plenar iclaslar 23 Noyabr 2021, 14:16 | Baxış sayı: 183
"Azərbaycandakı bankların 15,538 mlrd. manatlıq kredit portfelinin 12,104 mlrd. manatı və ya 78%-i Bakı şəhərinin payına düşür".

"Azərbaycandakı bankların 15,538 mlrd. manatlıq kredit portfelinin 12,104 mlrd. manatı və ya 78%-i Bakı şəhərinin payına düşür".

"APA-Economics"-in verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, hər 100 manatlıq kreditin cəmi 22%-i Bakıdan kənarda yerləşən rayon və şəhərlərimizin payına düşür.

Millət vəkili balanssızlığın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək niyyətində olduğu ilə bağlı Mərkəzi Banka sual ünvanlayıb.

O həmçinin 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitiv hal hesab etsə də, lakin Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyinin qiymətləndirilməsi və büdcə proqnozlaşdırılmasında nəzərə alındığı ilə maraqlanıb.

 

Gələn il üçün proqnozlaşdırılan 3,63 mlrd. manatlıq büdcə kəsirinin inflyasiya yaradıcı effektlərinin minimumlaşdırılması üçün təklif də irəli sürülüb.

O, bununla bağlı digər fiskal alətlərdən istifadə olunmasını məqsədə uyğun hesab edib.

"Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq", - deyə V. Bayramov qeyd edib.

Deputat bələdiyyələrə ayrılan vəsait barədə də danışıb:

Gələn ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.

Onun sözlərinə görə, ölkədə 1 771 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min manat, aylıq 1 500 manat alacaq.

“Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı”, - deyə V. Bayramov qeyd edib.

Vüqar Bayramov Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsaitdən də danışdı:

2021-2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4,4 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu cari məzənnə ilə 2,588 mlrd. dollar vəsaitin ayrılması deməkdir.

Onun sözlərinə görə, bu ərazilər hər hansı xarici borclanmaya getmədən, yalnız daxili mənbələr hesabına bərpa edilir və yenidən qurulur.

Bununla yanaşı millət vəkili bəzi məqamları da nəzərə alınmasını diqqətə çatdırıb.

"Xərclərin ölçülən bilən və səmərəlilik qiymətləndirmə meyarlarını işlənib hazırlanması və büdcə paketi ilə birlikdə təqdim olunması məqsədə uyğun olardı", - deyə V. Bayramov əlavə edib.

Deputat ÜDM ilə bağlı da məsələyə toxunub:


Gələn il Azərbaycanda dövlət büdcəsindən 30 mlrd. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da sosial müdafiənin gücləndirilməsi və iqtisadi islahatların maliyyə təminatının genişləndirilməsi baxımdan əhəmiyyətli məqamdır.

Onun sözlərinə görə, 2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45%-dən çox olacaq.

"Büdcə xərclərinin 46,4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 mlrd. manata yaxın vəsait ayrılacağı deməkdir", - deyə V. Bayramov qeyd edib.

O həmçinin, gələn il büdcəsində mühüm məqamlardan biri də sosial xərclərin ÜDM-də payının artacağını bildirib. Belə ki, V. Bayramovun sözlərinə görə, ölkədə gələn il bu göstərici 16%-dən çox olacaq.

"Bu hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16 %, İrlandiyada 13,4%, Koreyada 12,6 %, Çilidə 12,2 %, Türkiyədə 12%, Meksikada 7,5%-dir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20%-dir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır", - deyə V. Bayramov əlavə edib.

Xəbərlər