Cəmiyyət 6 İyun 2022, 15:33 | Baxış sayı: 190
"Azərbaycanda təhsilin pulsuz olması universitetlərin süqutuna gətirib çıxarar".

“Azərbaycanda minimum əmək haqqı ilə təhsil haqları uzlaşmır. Təhsil haqları yüksəkdir. Tibb Universitetində təhsil haqqı 4500 manatdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsində də eyni məbləğdir. Azərbaycanda tibb təhsilinin də, hüquq təhsilinin də keyfiyyətini hamı bilir. Digər ali məktəblər var ki, təhsil haqqı 2000 manatdır. Keyfiyyətsiz təhsil verən elə özəl ali məktəblər var, onlarda da təhsil haqqı çox yüksəkdir. Azərbaycanda təhsilin pulsuz olması universitetlərin süqutuna gətirib çıxarar. Bu, onları pis vəziyyətə salar. Azərbaycan universitetləri Qərbdən və Amerika universitetlərindən fərqli olaraq, vəsait qazana bilmirlər, bu imkanları yoxdur. Lakin təhsil haqları hesabına vəsait qazanmaq da olmaz. Bu, elə səviyyədə olmalıdır ki, təhsil əlçatan olsun, vətəndaşlar təhsil hüquqlarından bəhrələnsinlər”.

Bu sözləri Pravda.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyəti qiymətləndirilmir: “Mühüm məsələdir, ancaq bunu çox adam demir. Ölkəmizdə ali təhsilin dürüst akkreditasiyası aparılmayıb, təhsilin keyfiyyəti düzgün qiymətləndirilməyib. Keyfiyyətin normal qiymətləndirilmədiyi bir vəziyyətdə 3000-4500 manat təhsil haqqı müəyyənləşdirmək absurddur. Dövlət təhsilin bütün pillələrini qanadı altına almalıdır. Biz 44 günlük müharibədən, pandemiya ilə döyüşdən çıxmışıq. Düzdür, bütün bunlar milyonlarla manat vəsait tələb edir, amma tədricən dövlət hesabına olan yerlərin sayı artırılmalıdır və bu siyasət davam edir. Elə şərait yaradılmalıdır ki, universitetlərdə dövlət hesabına olan yerlər ödənişli yerləri üstələsin”.

 

E.Əliyev azərbaycanlı tələbələrin xaricdə təhsilə üstünlük vermələrinə də münasibət bildirib: “Xaricdə təhsil almağın bir neçə yolları var. İstərdim ki, dövlət daha çox dövlət proqramı əsasında, özünün maliyyələşdirdiyi ixtisaslar üzrə təhsili genişləndirsin. İşbazların kütləvi şəkildə gəncləri ölkədən çıxarmaq meyillərini qəbul etmirəm. Əgər bir məzun 50-100 bal, yaxud keçid balını toplamayıbsa, peşə təhsilinə, kolleclərə üz tutmalıdır. Onların öz ölkələrindəki kollecdə, peşə məktəbində təhsil almaları xarici ölkələrin, Ukraynanın, post-sovet məkanına daxil olan ölkələrin ali məktəblərində təhsil almalarından üstündür. Axı çox vaxt həmin xarici diplomlar tanınmır. Bu gün on minlərlə insan diplomunun təsdiqini gözləyir. Ola bilsin, bəziləri sərhədi keçməyib, 4-5 il adı universitetdə gedib, amma rus, Ukrayna, türk dilində danışa bilmir. Çox istərdim ki, dövlət ən istedadlı tələbələri göndərsin xarici ölkələrə və onları maliyyələşdirsin. Bu, çox düzgün addım olar, onlar da gəlib ölkədə fəaliyyət göstərib öz töhvələrini verərlər. Xaricdə təhsilin ciddi nəzarətə götürülməsi vacibdir. Bu sahədə xeyli işbaz var. Onların arxasında duran şəxslərin də maraqları var. Ölkənin əleyhinə danışmaqla kiməsə xarici ölkədə yaxşı təhsil verəcəklər? Əvvəla, bu, bilik səviyyəsinə görə qiymətləndirilməlidir. Savadın varsa, gedib xaricdə oxuya bilərsən. Kim gedib dövləti, ayrı-ayrı şəxsləri söyürsə, bu, Vətənə xəyanətdir. Hansısa bir ölkəyə satılırlar ki, orada onları oxutsunlar. Bu, təhsil deyil, başqa şeydir, süni insan yetişdirməkdir...”

Xəbərlər