"Azərbaycanda sığorta sahəsində kibertəhlükəsizlik məsələsi ön planda olmalıdır"
Azərbaycanda sığorta sahəsində kibertəhlükəsizlik məsələsi ön planda olmalıdır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib.
Deputat qeyd edib ki, Azərbaycanda həyata keçirilən rəqəmsallaşma prosesi sığorta sahəsində də yer alması mühümdür: "Bu məsələlərdə təhlükəsizlik ön planda olmalıdır. Azərbaycanda kibertəhlükəsizliklə bağlı çox işlər görülüb. Amma bank sektoru ilə müqayisədə digər sahələrdə də daha çox işlər aparılmalıdır".
T. Mirkişili bildirib ki, Azərbaycanda gözlənilməz hadisələrdən müdafiə mexanizmi kimi sığortanın potensialından istifadə aşağı səviyyədədir.
O hesab edir ki, texnogen hadisələrdən doğan xərclərin əsas yükü dövlət büdcəsi hesabına qarşılanır: "Ölkədə dövlət əmlakı demək olar ki, sığortalanmır.
Ümumiyyətlə dövlət büdcəsindən itkilərin ödənməsi arzuolunan deyil. Bu, büdcə planının pozulması deməkdir. Sığorta, həmçinin istehsalın davamılığını təmin edən alətdir. Sığortanı makroiqtisadi proseslərə təsiri baxımıdan strateji sektor da adlandırırlar. İstehsalın davamlılığının pozulması təklifi pozur, inflyasiya yaranır".
report.az