Cəmiyyət 10 May 2023, 16:47 | Baxış sayı: 276
"Azərbaycanda iyulun birindən sonra karantin rejiminin uzadılması birmənalı deyil"

Mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya statusunu ləğv edib. Beləcə, 2020-ci ilin martından bəri elan edilən pandemiya rejimi də başa çatmış oldu. Rəsmi rəqəmlərə görə, indiyədək dünyada 765 milyon insan bu virusa yoluxub. Koronavirus səbəbindən ölənlərin sayı 7 milyon nəfərə yaxındır. ÜST COVID-19-u artıq pandemiya saymasa da, Azərbaycanda xüsusi karantin rejimi hələ də davam edir. Bununla bağlı Nazirlər Kabinetinin sonuncu qərarı aprelin 19-da açıqlanıb və xüsusi karantin rejimi iyulun 1-nə qədər uzadılıb.
Əhalini narahat edən əsas məsələ də sərhədlərin bağlı olmasıdır. Bəs iyulun birindən sonra hələ də karantin rejimi uzadıla bilərmi və ən əsası da sərhədlər açıla bilərmi?


Bu barədə Referans.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, artıq bütün dünyada koronavirus başa çatıb və Azərbaycanda iyulun birindən sonra karantin rejiminin uzadılması birmənalı deyil:

“Azərbaycanda karantin rejimi uzadılanda ÜST hələ bu qərarı verməmişdi. Bu qərar daha sonra elan edildi və Covid-19 artıq pandemiya statusundan çıxdı. Bu gün koronavirus məsələsi gündəmdə deyil, çünki artıq bu xəstəlik yoxdur. Mən belə hesab edirəm ki, respublikada Covid-19-la əlaqədar tədbirlər yıxışdırılacaq. Amma mən hər gün məlumatlara baxıram və görürəm ki, hələdə yoluxanlar olur. Lakin bir iki nəfərin yoluxması xüsusi karantin rejimi yenidən uzadılacaq   demək deyil. Yəni artıq həqiqətən bu məsələlər öz həllini tapıbsa, Covid-19-la bağlı ciddi problem yoxdursa, ÜST pandemiya statusunu da ləğv edibsə artıq karonavurisla bağlı olan xüsusi karantin rejiminin də uzadılmasına ehtiyac qalmayıb. Əslində koranavirus istər ilk yarandığı gündən olsun, istərsə də bu günə kimi o qədər də ciddi bir xəstəlik deyildi, amma ola bilər ki, müəyyən problemlər yaradırdı. Yəni qısacası, Ümumdünya Səhiyyə Təşkilatı artıq Covid-19-un pandemiya olmadığını elan edibsə, bu təbii ki, bizə də öz təsirini müsbət tərəfdən göstərməlidir. Ən əsası da sərhədlərin açılması məsələsidir. Karantin rejiminin uzadılması sərhədlərin də həmin vaxta qədər bağlı olacağı deməkdir. Bu da əhali üçün çox ciddi problemdir, iqtisadiyyat üçün problemdir və əhalinin məişətinə böyük təsiri var. Biz dəfələrlə Milli Məclisdə sərhədlərin açılması məsləsini gündəmə gətirmişik və xüsusi karantin rejiminin bitməsinə az qalmış, yəni iyulun birinə kimi yenidən müzakirəyə çıxaracağıq. Ümid edirik ki, artıq iyunun 30-u son karantin günü olar”.

Xəbərlər