İqtisadiyyat 12 Aprel 2023, 17:22 | Baxış sayı: 167
“Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə çox bahadır”

Milli Məclisin dünənki iclasında "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı dərman idxalının artması, qiymətlərin yüksək olması və digər məsələlər yenidən aktuallaşdı. Millət vəkilləri çıxışlarında müxtəlif fikirlər və təkliflər irəli sürdülər.

Deputat Vüqar Bayramov bu mövzu ilə bağlı danışıb: 

“2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. Dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə 327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb”.

Deputat deyir ki, dərman idxalında son illər artımların əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı COVİD-19 pandemiyası dövründə tələbin yüksəlməsi olsa da belə, post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir:

“Dərman vasitələrinin 20.0 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımız qardaş ölkədən 80.0 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir. Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir”.

Vüqar Bayramov deyir ki, digər vacib məsələ qiymət siyasətinin təkmilləşdirilməsidir:

“Taarif Şurası tərəfində həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var”.

Mənbə: iqtisadiyyat.az

Xəbərlər