Siyasət 8 İyun 2023, 15:04 | Baxış sayı: 104
“Azərbaycan zavodun tikilişinə  görə nota verməlidir”

“Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun tikilməsi yolverilməzdir. Çünki həmin zavodda olacaq tullantılar Araz çayı boyunca Azərbaycana gələcək”.

Bu sözləri millət vəkili Vahid Əhmədov Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın bu kimi addımı ilk dəfə deyil:

“Məlum olduğu kimi “Metsamor” atom elektrik stansiyasından sonra Ermənistan  ikinci belə bir zavod tikməyə çalışırdı, lakin Azərbaycan bunun qarşısını aldı.

Məlum olduğu kimi, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfinin öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Belə bir iri zavodun tikilməsi ekologiya baxımından çox pis nəticələrə gətirib çıxaracaq. Ona görə də Azərbaycan nota verməli, Espo konvensiyası ilə müraciət etməlidir ki, bunun qarşısı alınsın. Yoxsa bu, Azərbaycan üçün ciddi ekoloji problemlərə gətirib çıxara bilər.

Həmçinin müəyyənləşdirmək lazımdır ki, bu zavodun tikilməsi ilə bağlı hansı şirkət müqavilə bağlayıb. Həmin şirkətə də müraciət edilməlidir ki, konvensiyanın şərtlərini pozurlar.

Yəni məsələ çox ciddidir. Artıq ekoloqlarımız da öz etirazlarını bildiriblər.  Hökumətimiz rəsmi şəkildə buna etirazını bildirib, nota verməlidir”.

Xatırladaq ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur.

Məhz bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Məsələ ilə bağlı bu gün azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına çağırış ünvanlayıblar.

Xəbərlər