Ümumi 9 May 2023, 17:28 | Baxış sayı: 90
“Azərbaycan xalqı ümumbəşəri qələbəyə müstəsna töhfələr verib”

“9 May faşizm üzərində qələbənin 78-ci ildönümüdür. Bu tarix dünyanın siyasi təqvimində hansısa adi və sadə bir hərbi-strateji qələbəni ifadə etmir. Xalqların mövcudluğuna və gələcəyinə ciddi təhdidlər, real təhlükələr yaradan bir mürtəce ideologiya üzərində əldə edilmiş bu qalibiyyət, əslində, bəşəriyyətin zəfər triumfudur. Bu gün qürurla və iftixarla qeyd edirik ki, çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı faşizm üzərində qələbəyə müstəsna töhfələr verib. 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək unudulmaz qəhrəmanlıq dastanı yaradıb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Qələbəni təmin edən həlledici amillərdən biri də Azərbaycanın enerji resurslarından səmərəli istifadə olub. Bütün çətinliklərə rəğmən, neftçilərimiz İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Bir sözlə, Azərbaycan xalqının rəşadətli övladları həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərərək ümumbəşəri qələbənin qazanılmasında xüsusi rol oynayıblar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

 

“Təqdirəlayiq haldır ki, nə qəhrəmanlar, nə də qəhrəmanlıq tariximiz unudulur. Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda dövlət səviyyəsində müharibə veteranlarına, onların ailələrinə xüsusi diqqət və qayğı göstərilir, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qürurverici haldır ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsindəki Qələbədən 75 il sonra erməni faşizminin başını əzərək, belini qıraraq növbəti, daha möhtəşəm Zəfər qazanıb, əzmini, iradəsini və gücünü bütün dünyaya göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq””, - S.Novruzov qeyd edib.

Xəbərlər