“Azərbaycan təkcə ənənəvi enerji sektorunda deyil, yaşıl enerji sahəsində də ön plana çıxır”
“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 9-cu iclasın və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi çox önəmli hadisədir. Bu, Azərbaycanın təkcə regionun deyil, bütövlükdə dünyanın enerji siyasətinin müəyyənləşdirildiyi mərkəzlərdən birinə çevrildiyindən xəbər verir”.
Bu fikirləri Oxu.Az-a paytaxtda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyətindən danışarkən deputat Azər Kərimli deyib. O qeyd edib ki, mötəbər toplantıya Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının, Türkiyə, İtaliya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Ukrayna, Serbiya, Xorvatiya və digər ölkələrin yüksək səviyyəli nümayəndələrinin, eləcə də dünyanın ən böyük enerji şirkətlərinin, maliyyə təsisatlarının təmsilçilərinin qatılması tədbirin nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir:
“Önəmli olan məqamlardan biri də Azərbaycanın təkcə ənənəvi enerji sektorunda deyil, yaşıl enerji sahəsində də ön plana çıxması, davamlı addımları ilə prosesin mühüm aktorlarından birinə çevrilməsidir. Prezident İlham Əliyevin yeni enerji siyasətinin konseptual tərəflərindən biri də Azərbaycanın Avropaya açılan “enerji körpüsü” missiyasının funksionallığının daha da artırılması, mövcud dəhlizlərin coğrafi istiqamətləri və yeni marşrutlar üzərindən Avropaya yaşıl enerji axınının təmin edilməsidir. Buna ölkəmizin nəhəng bərpa olunan enerji potensialı da geniş imkan yaradır. Belə ki, Azərbaycanın quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Bununla yanaşı, 2037-ci ilə qədər ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Göründüyü kimi, Azərbaycan Prezidentinin yeni enerji siyasəti ölkəmizin dünya enerji bazarındakı yerinin daha da möhkəmləndirilməsinə və bu mövqeyin uzun illər boyu qorunub saxlanılmasına xidmət edir”.
Azər Kərimli onu da vurğulayıb ki, Azərbaycanın enerji bazarında yerinin məhkəmlənməsi həm də ölkənin geostrateji və geoiqtisadi mövqelərinin gücləndirilməsi, Azərbaycanın daha cazibədar bir ölkəyə çevrilməsi deməkdir:
“Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir. Prezident İlham Əliyev artıq XXI əsrin müqavilələrini imzalamaqla və ölkənin yeni enerji siyasətini həyata keçirməklə Azərbaycanın daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına zəmin yaradır”.