Siyasət 10 Mart 2023, 13:20 | Baxış sayı: 116
"Azərbaycan tək regionda deyil, bütün dünyada sülhün davamlılığında maraqlı olduğunu nümayiş etdirir"

Son illər ölkəmiz bir çox beynəlxalq tədbirlərə, o cümlədən, humanitar əməkdaşlığa dair  dünya miqyaslı  tədbirlərə də ev sahibliyi edir. Zəngin əməkdaşlıq ənənələri olan ölkəmiz beynəlxalq tədbirlər üçün ideal məkandır. Keçirilən tədbirlər ölkələrarası münasibətlərin səmimiləşməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılmasına xidmət edir. Ölkəmizin bu cür təşəbbüslərini beynəlxalq ictimai təşkilatlar dəstəkləyir və belə vacib tədbirləri birgə təşkil etmək istəklərindən məmnun qaldıqlarını ifadə edirlər. Bildiyimiz kimi, Azərbaycanın həmin mötəbər layihələri həyata keçirməkdə həm təcrübəsi, həm də, yüksək potensialı vardır. Ölkəmiz dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusunda  X Qlobal Bakı Forumu da bu günlərdə bir sıra qlobal məsələlərin müzakirəsi baxımından mühüm platformaya çevrilib."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan dəfələrlə nüfuzlu forumlara ev sahibliyi edib. X  Qlobal Bakı forumu həm də bir sıra vacib çağırışları özündə cəmləşdirir. «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusuna həsr olunan X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə nəzər salınır.  Həmçinin dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən, iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadilələri həyata keçirilir.  Forumda 61 ölkədən 360-a yaxın nümayəndənin iştirak etməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu Forumun dünyada əhəmiyyətinin artdığını göstərir. Forumda 4 prezident, 2 Baş nazir, 6 parlament sədri və 6 nazirin, 25 sabiq prezidentin, 21 sabiq Baş nazirin, 23 ölkənin xarici işlər nazirlərinin, nazir müavinlərinin iştirak etməsi Bakının beynəlxalq mərkəzə çevrildiyini göstərir. X Qlobal Bakı Forumunun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çox aydın və qətiyyətli mesajlar çatdırdı. Dövlət başçımız bildirdi ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən, Avropa bazarlarına çıxarırıq”. 

Deputat diqqətə çatdırıb ki, bu gün Bakı dünyada siyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilib. Dünyanın iqtisadi məsələləri əgər Davosda müzakirə olunursa, siyasi məsələləri Bakıda müzakirə olunur. X Qlobal Bakı Forumu üç əsas parametrlə diqqət çəkir. Bunlar mövzu, iştirakçılar və logistika məsələsidir. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir, regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli Forumdur.

K.Bayramov əlavə edib ki, bu günün reallıqlarına əsasən Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Bu reallıqlar yeni əməkdaşlıq formatlarının yaradılmasını, kommunikasiyaların açılmasını bir tələb kimi qarşıya qoyur. Bunun üçün əsas amil bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi təmin etməkdir. Forumda müzakirə olunan məsələlərdən də aydın olur ki,  Azərbaycan tək regionda deyil dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərir.  Dövlət başçısı İlham Əliyev Forumda təhlükəsizlik tədbirlərinin önəmini açıqlayaraq bu çağırışı etdi ki, hər bir ölkə bu tədbirlərə öz töhfəsini verməlidir."

Xəbərlər