“Azərbaycan regionun bütün istiqamətlərdə təhlükəsizliyinin formalaşmasına xüsusi önəm verən ölkədir”
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir.
İclasda prezident İlham Əliyev də iştirak edir.
Nazirlərin toplantısının əhəmiyyəti haqqında Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov xüsusilə vurğulayıb ki, Azərbaycan Avropanın enerji təminatının formalaşmasına ciddi töhfə verən ölkədir. Deputat Cənub Qaz Dəhlizinin də Azərbaycan prezidentinin təşəbbüsü və siyasi iradəsi nəticəsində reallaşan layihə olduğunu diqqətə çatdırıb:
“Azərbaycan faktiki olaraq, Avropa üçün vacib əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını həyata keçirib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası il ərzində təhlil edilən və yeni dövr üçün planların və istiqamətlərin müzakirəsi məqsədi daşıyır. Təbii ki, bu iclasda dünyanın bir çox ölkələrinin tanınmış, aparıcı enerji şirkətləri təmsil olunur. Bu ondan xəbər verir ki, Məşvərət Şurasının toplantısı dünyanın enerji təminatı, bu sahədə mövcud olan situasiyanın müzakirəsi, gələcək əməkdaşlıqlar və perspektivlər baxımından yüksək səviyyəli tədbirdir. Ölkə başçısı, Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirakı isə Azərbaycanın bu iclasa xüsusi önəm verdiyini göstərir”.
Vüqar Bayramovun fikrincə, Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşması və enerji idxalında mənbələrin diversifikasiyası hazırda daha aktualdır. İqtisadçı-deputat bu məsələlərin müzakirəsinin xüsusilə aktiv keçəcəyini düşünür:
“İclas əvvəlki iclaslardan həm də stratejiliyi ilə fərqlənən əhəmiyyətli tədbirdir. Məşvərət Şurasının iclaslarının bundan sonra da davam etməsi, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının Bakıda keçirilməsi Azərbaycanın gücünü və regiondakı geosiyasi mövqeyini xarakterizə edən faktorlardandır. Bu təsdiq edir ki, Azərbaycan regionun bütün istiqamətlərdə təhlükəsizliyinin formalaşmasına xüsusi önəm verən ölkədir”.