Cəmiyyət 3 Fevral 2022, 15:23 | Baxış sayı: 271
"Azərbaycan kimi ölkələrdə bir partiyanın hökmranlığı doğru deyil".

Milli Cəbhə Partiyası (MCP) bu gün növbəti qrup toplantısını keçirir.

Cebhe.info xəbər verir ki, toplantıda çıxış edən MCP sədri, deputat Razi Nurullayev bir çox məsələlərdən danışıb:

“Pandemiya ilə əlaqədar olaraq qrup toplantılarına ara vermişdik. Bu gün isə həm pandemiya, həm də partiya ilə bağlı narahatlıq yaradan məsələləri müzakirə edəcəyik. Ölkədə siyasi partiyalarla bağlı qərarlar olsa da, hələ də biz arzuolunan səviyyəyə çata bilmirik. Hesab edirəm ki, biz o zaman arzuolunan səviyyəyə çatacağıq ki, hər kəs perspektiv görərək partiyaya qoşulsunlar. Bu gün hər kəs, ziyalılar, biznesmenlər ancaq YAP-a qoşulur, çünki orada perspektiv görür, vəzifə görür. Biz də bunu yaratmalıyıq. Azərbaycan kimi ölkələrdə bir partiyanın hökmranlığı doğru deyil. Ölkədə YAP təkbaşına idarəçi olmamalıdır, bütün partiyaların rolu olmalıdır.

Müxalifətin fəaliyəti yalnız mübarizə aparmaq, lazımi məqamlarda dövlətin yanında olmaqdan ibarət deyil, həm də təmsilçiliklərini artırmalıdır. Partiyanın potensialı imkan verir ki, parlamentdə ən azı 20-30 yerə iddia edə bilsin. Əgər gələn bazar günü seçki keçirilsə, Milli Cəbhə Partiyası asanlıqla 30 yer qazana bilər. Biz ideya üzərində qurulan bir partiyayıq və xalqın sözünü deyə bilən partiyaya çevrilə bilmişik”.

Deputat bildirib ki, Milli Cəbhə Partiyası yalnız hakimiyyətlə mübarizə aparmır:

“Milli Cəbhə Partiyası həm də məcbur özünü müxalifət cəbhəsindən qorumağa vadar olub. Bizi buna vadar ediblər ki, onların şər-böhtanından qoruyaq. Milli Cəbhə Partiyası keçən ilin 31 avqustunda qeydiyyata alınıb. Hələ bizim rəsmi fəaliyyətimizin 2 ili tamam olmayıb. Amma bu müddət ərzində MCP parlamentdə, cəmiyyətdə göstərdiyi fəaliyyət və qazandığı nüfuz heç bir partiyaya qismət olmayıb. Milli Cəbhə Partiyası başqa partiyaların 20 ildə keçə bilmədiyi yolu qısa zamanda keçib.

Ona görə dedim ki, gələn bazar seçki keçirilsə, partiyamız 30 yer alar. Bizim əsas vəzifəmiz hakimiyyətlə mübarizə aparmaqdır. Bu gün müxalifəti hədəf alan Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, bəzi hallarda Müsavat Partiyasının üzvləri, ReAl təmsilçiləri, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyasıdir. Amma gəlin baxaq, bunlar hansı yolları keçiblər və xalqa hansı vədləri verib həyata keçiriblər ki, biz onu edə bilmədik? Bunlar 30 ildir öz üzvlərini dolandırırlar. Amma bunun nəticəsi yoxdur. Nəticə olmayanda xalq da onların yanında olmayacaq. Bu gün biz niyə mitinq tərəfdarı deyilik?

Çünki bir mitinqə ən yaxşı halda 2 min adam gələcək. Amma bir yaxşı çıxış edirsən, ona 100 min adam baxır. Bir az daha yaxşı çıxış etsən, 1 milyon adam baxacaq. Amma mitinqə heç onların 0.1 faizi gəlməyəcək. Biz çalışmalıyıq ki, bizim tərəfdarlarımız həm meydanda, həm də hakimiyyətlə mübarizəmizdə yanımızda olsun”.

Partiya sədri qeyd edib ki, bu gün insanların durumu çətindir:

“Bahalaşma insanlarımızı çox çətin duruma salıb. İnsanları rahatladacaq iş yerləri isə yoxdur. Bir insan xadimə işinə düzəlmək üçün deputatdan xahiş edir. Bir insan fəhlə işinə düzəlmək üçün, sosial müavinət üçün xahiş edir, növbədə dayanır. Bu gün dövlət strukturlarında, səhiyyə, təhsil sistemində ciddi problemlər var. Deputatı olduğum İmişlidə 80 nəfər səhiyyə işçisinə ehtiyac var. Bütün rayonlarda da vəziyyət belədir. Bəs onları kim işə götürməlidir? Niyə bunlar təmin olunmur? Bunlar hakimiyyətin apardığı sosialyönümlü işlərə kölgə salır.

Bu gün deyə bilmirəm ki, bu hökumət sosialyönümlüdür. Nə qədər insanlar işsizlikdən əziyyət çəkir, dərman ala bilmirlər. Belə olan halda atılan addımlar bizi qane etmir. Çünki bu gün də ölkədə rüşvətxorluq, korrupsiya var. Əgər haradasa yoxdursa, deməli orada iş dayanıb. Niyə yeni iş yerləri açılmır? Niyə iş adamlarına şərait yaradılmır? Güzəştli kreditlər verilmir?

Yenidən Azərbaycanın bank sektoruna “şapka” sistemi geri qayıdır. Bu biabırçılığa son qoymaq lazımdır. Azərbaycanda işsizlik problemi olmamalıdır. Bu gün Azərbaycan xalqının böyük hissəsi səfalət içində yaşayır. İşsizlik rəsmi 6 faiz deyilsə də, amma bu rəqəm ən az 30 faizdir”.

Deputat parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsinin vacib olduğunu da qeyd edib:

“Parlamentdə 6 deputat yeri boşdur. O dairələrdə olan insanların hüquqları pozulur. Niyə o yerlərə seçki keçirilmir? 300 minə yaxın seçicinin hüquqları pozulur. Bizim tələbimizdən biri də odur ki, boş qalan yerlərə seçkilər keçirilsin. Tələb edirik ki, bununla bağlı qərar verilsin və boş qalan yerlərə seçki təyin olunsun”.

Razi Nurullayev pensiya və sosial müavinətlərlə bağlı yaşanan problemlərə də toxunub:

“Əgər bir nəfərin pensiyası dayandırılırsa, ona alternativ qazanc yolu göstərilməlidir. Deyirlər ki, pensiyanı saxta yolla alıb. Burada o vətəndaşdan rüşvət alan qurum günahkardır. Vətəndaş bu məsələdə heç bir halda günahkar sayıla bilməz. Onun pensiyasını kəsməklə deyirsən ki, get, acından öl. Çünki pensiyasını kəsdiyin insana alternativ qazanc yeri təklif etmirsən.

Müharibədə yaralanan insanlar var. Onlardan kim daha çox qışqırırsa, sosial şəbəkədə aktivdirsə, onu çağırıb problemini həll edirlər. Prezidentin sərəncamı var ki, müharibə iştirakçılarının problemini həll edin. Amma qurumlar bunu etmir. Qurumlar bu problemləri həll edib cəmiyyətə təqdim etməlidir ki, bu məsələlər cəmiyyəti sirkələməsin, sosial narazılıqlar yaratmasın”.

Partiya sədri əlavə edib ki, 4 il əvvəl Avropa və qonşu ölkələrdə "uşaq pulu" ilə bağlı araşdırma aparıb:

“Bu gün bizim qonşu ölkələrin, Avropa ölkələrinin hər birində “uşaq pulu” verilir. Hakimiyyət üzvləri bizi Avropa ilə müqayisə edir ki, orada kommunal xərclər, yaşayış daha bahadır. Amma Azərbaycan insanı ilə avropalının aylıq gəlirini müqayisə etmirlər. Bu ölkələrin hər birində “uşaq pulu” verilir. Almaniyada “uşaq pulu”nun miqdarı 230 manatdır. Əgər o uşaq kollecə, universitetə qəbul olursa, “uşaq pulu” 25 yaşadək verilir və o, pulsuz təhsil alır. Amma bizdə təhsil də pulludur. Dövlət öz vətəndaşına ali təhsili də pulsuz verməlidir.

Bir çox vətəndaşlarımız illik təhsil xərcini ödəyə bilmədiyi üçün uşağını oxutdura bilmir. Biz dövlət və milli məsələlərdə hər zaman dövlətin yanında olmuşuq. 44 gün ərzində birmənalı şəkildə Prezidentin yanında birləşmişik. Amma narazı qaldığımız məsələləri də deməliyik. Çünki cəmiyyət, üzvlərimiz narazıdır. Əsas gətirirlər ki, Azərbaycanda demoqrafik problem yoxdur deyə “uşaq pulu” vermirik. Əgər “uşaq pulu” versək, ailələr 5 uşaq saxlayacaq. Yalandır. Parlament olaraq bunu tənzilmləmək mümkündür. Mən özün bu qanun layihəsini hazırlayıb parlamentə təqdim edərəm ki, yalnız 2 uşağa “uşaq pulu” verilsin. Yəni Azərbaycanda “uşaq pulu” vermək imkanları var. Sadəcə istəsələr bu məsələni rahat şəkildə həll edə bilərlər”.

Xəbərlər