Siyasət 6 Fevral 2023, 13:07 | Baxış sayı: 235
“Azərbaycan İranı Aya qaldırıb ordan yerə buraxdı”

“İran özünü bu coğrafiyanın ən böyük dövləti kimi görmək istəyir. Onlar bunun üçün çalışırlar. Lakin Türkiyənin artan gücü İranı özündən çıxardı və bu dövlətin bütün planlarının üzərindən xətt çəkdi.

Bunun ardınca, ərəb dünyasında Səudiyyə ərəbistanı güclənməyə başladı. Bu ərəb dövlətləri, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri varlı ölkələrdən birinə çevrildilər. Eləcə də bu ölkələrdə artıq gələcəyə, o cümlədən insan hüquq və azadlıqlarına doğru addımlar atılmağa başladı. Onlar dünyaya inteqrasiya etməyə başladılar, dünyanın müxtəlif aparıcı ölkələriylə əməkdaşlıq qurdular və bunu da günü-gündən inkişaf etdirirlər”. 

Bu sözləri Yenisabah.az-açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev İran və Azərbaycan əlaqələrinin mövcud durumundan, habelə İranın bölgədə yürütdüyü destruktiv siyasətdən söz açarkən deyib.

Onun sözlərinə görə, sadalanan amillər İranı, ümumiyyətlə, özündən çıxardı: 

“Çünki o, özünü bütün müsəlman dünyasının lideri kimi görmək istəyirdi. O, bütün ərəb və müsəlman dövlətlərini öz bayrağı altında birləşmiş bir dövlət kimi görürdü. Bunun ardınca isə İkinci Qarabağ savaşında Azərbaycanın torpaqlarını azad etməsi İranın bütün planlarını alt-üst etdi. Sanki İranın öz dili və öz düşüncəsi ilə desək, Azərbaycanın bu qələbəsi onu qaldırdı Aya, Aydan da üzü aşağı buraxdı Yerə və arzularını çilik-çilik etdi”. 

MCP sədrinin fikrincə, belə bir halda İran artıq Azərbaycanı zəiflətmək, başını qatmaq və hərşeyə sanki sıfırdan başlayaraq, nələr isə etmək istədi:

“Amma bütün hesablarını yanlış yöndə qurdu. Çünki artıq dünya - ABŞ, Rusiya, Ukrayna, ərəb dövlətləri dəyişib. Səudiyyə Ərəbistanı belə dəyişib. Bu gün orada qadınlara maşın sürməyə icazə verirlər. Ermənistanın özü də bütövlükdə dəyişib. Ermənistanın içərisində artıq “Qarabağ Azərbaycandır” deyənlər belə əmələ gəlib. Belə bir halda isə bircə İran dəyişməyib. Eyni saqqal, eyni düşüncə, eyni yanaşma, eyni mollalar, eyni fətvalar və eyni düşmən”. 

R. Nurullayev əlavə edib ki, bu səbəblərə görə də İran bütün planlarını alt-üst qurur: 

“Çünki İranın planlarını quran mollaların hamısı 80-ci illərdə qalıb. Biz isə artıq XXI əsrdə yaşayırıq. Qısası, Azərbaycanın və müsəlman ölkələrinin güclənməsi İranın yuxusuna haram qatıb. Çünki İran özündən başqa ikinci bir güclü müsəlman dövləti görmək istəmir. Görsə də, öz bayrağının altında görmək istəyir. İran istəyir ki, o dövlətlər gətirib ona xərac, xüms, nəzir versinlər. Bunlar hələ nəzir düşüncəsiylə yaşayırlar, ay kişi!” 

“O ki qaldı sonrakı münasibətlərə, İranla Azərbaycanın münasibətlərinin heç zaman perspektivi olmayıb. Sadəcə olaraq, biz qonşuluq, diplomatiya xatirinə elə qardaş ölkə, müsəlman ölkəsi, şiə ölkəsi deyib durmuşuq. Elə onlar da bizə yalandan qardaş deyib, biz də onlara. Bu qardaşlığın kökü yoxdur. Nə ola bilərdisə də onun da üstündən xətt çəkib məhv etdilər. Bundan sonra, ancaq – biz düşmən olmaq istəmirik – müəyyən məsələlərdə bərabərhüquqlu işlər görə bilərik, bir-birimizə hörmət qoyarıq. Onlar bizə hörmət qoymayacaqlarsa, hörmətsizlik görəcək. Yaxud da əksi. Artıq bizim siyasətimiz bundan sonra bu xəttə bağlıdır. Atalar demiş, “hörmət, hörmətə bağlıdır”. Sən mənə birini edəcəksən, mən sənə beşini edəcəyəm. Artıq bizim siyasətimiz, eləcə də mollaların qarşımıza qoyduğu seçim bu oldu”, – fikirlərini tamamlayıb.

Xəbərlər