"Azərbaycan həm idman dövlətidir, həm də dünyəvi dövlətdir"
Dövləti dünya dövlətlərinə dövlət bayrağı daha gözəl tanıdır. Bu, həm də idmana xas olan vasitələrdəndir. İdmançı bu və ya digər yarışda qalib gələndə onun şərəfinə təmsil etdiyi dövlətin bayrağı qaldırılır, birinci yeri tutanda dövlətin himni səsləndirilir. Bir məqamı qeyd etmək istərdim: idmançının şərəfinə dövlət himni səsləndiriləndə bütün iştirakçılar onu ayaq üstə dinləyir. Bunu dövlətə ehtiramı olanlar da, olmayanlar da ayaq üstə dinləyir, səssiz-səmirsiz. Bu baxımdan idman həm də böyük siyasi güc deməkdir.
Azərbaycanda idman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycanda Olimpiya hərəkatı bu siyasətin daha dinamik əsaslarla aparılmasında mühüm vasitədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında mühüm amilləri xatırlatdı, gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirdi.
Ötən il Azərbaycan idmançıları üçün uğurlu il oldu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu, təkcə idmançının özünün deyil, həm də təmsil etdiyi dövlətin – Azərbaycanımızın qüdrətidir. Dünyada rəqabət idman sahəsində də artır, bu və ya digər dövlət idmanda dünyanın diqqətini çəkən nailiyyətlər qazanır. Ona görə də idmanıın dinamik inkişaf etdirilməsi aktuallaşır.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yeri tutdu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”. Bu inam idmançılara inamdır, idmançıların böyük sevgilərlə tanıtdığı dövlətin nüfuzuna inamdır.
İdmançıların qazandığı nailiyyətlər yeniyetmələrin, gənclərin idmana marağını, istəyini, sevgisini daha da artırır. Onlar idman uğurları ilə dövlətimizin nüfuzunu yüksəldənlərin davamçısı olmağa çalışırlar.
Tədbirdə ölkə başçısı qürurla bildirdi ki, respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses uğurla davam etdirilməkdədir.
Tədbir iştirakçıları ölkə başçısının idman siyasəti üzrə dediklərini gələcək uğurların zəmanəti kimi dinlədilər: “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.
Tədbirdə ölkə başçısı onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə də idman qurğuları yaradılacaqdır. Bunun işğaldan azad edilmiş şəhərlərdə də yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri başlayıb. Baş planlar əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Suqovuşanda keçirilən beynəlxalq avarçəkmə yarışı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bundan sonra da möhtəşəm tədbirlər keçiriləcəyinə inamdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi:”Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir”…
Bu tədbir də idman dövləti kimi tanınan və həmişə ehtiramlarla əhatələnən Azərbaycanın dünyəvi dövlət kimi daha dinamik inkişaf etdiyinin təsdiqidir.
Mənbə: ulusal.az