Siyasət 1 Sentyabr 2023, 17:21 | Baxış sayı: 109
"Azərbaycan bundan sonra da daha möhtəşəm hədəfləri reallığa çevirəcək"

"Ulu öndər Heydər Əliyevin  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 32 il ötür.  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur. Böyük şəxsiyyətin sədr seçildiyi bu tarix  təkcə muxtar respublikanın deyil, bütünlükdə  Azərbaycanın xilası günü kimi tarixə yazılıb."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, həmin illər muxtar respublikanın həyatında yeni dövrün başlanması kimi xarakterizə edilsə də, Azərbaycan o zaman  çox çətin günlərini yaşayırdı. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur və tariximizin qara səhifəsi kimi xarakterizə olunur.  SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. «Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm», – deyən Ulu Öndər Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrü tariximizin mühüm mərhələsi kimi dəyərləndirərək deyib: «Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz, o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi".

K.Bayramov diqqətə çatdırıb ki, Ümummilli Lider Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasını Ermənistanın hərbi təcavüzündən qorumaq, əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Məclisin 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. 1992-ci ilin may ayı Azərbaycanın, o cümlədən, Naxçıvan Muxtar Respublikasının müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edir. Bu dövrdə Bakıda siyasi qüvvələrin başı hakimiyyət mübarizəsinə qarışdığından ermənilər Azərbaycana qarşı hücumlarını genişləndirərək Şuşa və Laçın şəhərlərini ələ keçirmişdilər. Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvanı ələ keçirmək üçün mayın ilk günündə muxtar respublikaya qarşı hərbi təcavüzə başladılar. Ulu öndərin diplomatik fəallığı, bütün dünya ictimaiyyətini ayağa qaldırması Ermənistanı geri çəkilməyə məcbur etdi. 

Deputat sonda əlavə edib ki, Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərcmərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Sevindirici haldır ki, Ulu Öndərimizin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bir daha böyük qürur hissi ilə  deyirik ki, Ümummili Liderin ideyalarının işığında sabaha böyük inamla addımlayan müasir, müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. Ölkəmizin hər bir uğuru Ulu Öndər siyasətinin təntənəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə  səfərləri, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur hissi yaradır. Hazırda soydaşlarımızın Böyük Qayıdışı reallaşmaqdadır. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 26-də Laçın şəhərində Həkəri çayının sahilində keçirilən «Laçın Şəhəri Günü» bayram tədbirində iştirakı və sakinlər qarşısında çıxışında verdiyi siyasi mesajlar da bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdi. Ölkəmizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini ifadə edərək bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz” fikirləri özündə mühüm məqamları və çağırışları ehtiva edir.  Ulu Öndər Heydər Əliyev yolunun uğurlarını yaşayan Azərbaycan bundan sonra da daha möhtəşəm hədəfləri reallığa çevirəcək, dünya azərbaycanlılarını qürurlandıracaq.

ikisahil.az

Xəbərlər