Siyasət 2 İyun 2023, 17:53 | Baxış sayı: 112
“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”

“Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. 31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunan ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

Deputatın sözlərinə görə, ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirilir ki, bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. 

“Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir. Bura Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. 

Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir. 

Məktubda o da bildirilir ki, bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaq.  Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”.

Deputat deyib ki, hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. 

“Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Dövlət başçımız bildirib ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. 

ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən dövlət başçımız onu da bildirdi ki, ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”.

K.Bayramov vurğulayıb ki, uğurla həyata keçirilən enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir:

“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin  Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək”.

Deputat əlavə edib ki, Avropa İttifaqına üzv olan dövlətlərin üçdə biri ilə Azərbaycan enerji sektorunda əməkdaşlığa dair Memorandum imzalayıb:

“Dövlət başçımız bildirib ki, son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcmdə yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da, il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək”

Xəbərlər