"Addım-addım gedir ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın, sülh müqaviləsi imzalansın".
“Onsuz da cənab Prezident həmişə sülhə çağırır. Çox təəssüf ki, Ermənistan hökuməti, Baş nazir Nikol Paşinyan müəyyən yollarla sülh müqaviləsinin imzalanmasını istəmirlər. Bu dəfə də bir ay vaxt verildi ki, sülh müqaviləsinin üzərində işləsinlər. Əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu məsələni həll etmək lazımdır ki, sonra sülh müqaviləsi imzalansın. Bununla bağlı Komissiya yaradılıb, işləyir. Hesab edirəm, Avropa İttifaqının bu işə qarışması, Şarl Mişelin məsələni nəzarətə götürməsi müsbət haldır. Düzdür, ermənilər müəyyən variantlar axtarırlar, ruslarla məsləhətləşirlər, istəmirlər sülh müqaviləsi imzalasınlar. Nə olsun? Laçın dəhlizindən də çıxmaq istəmirdilər, amma məcbur oldular”.
Milli Məclisin deputatı Vahid Əhmədov bu sözləri Pravda.az-a 31 avqustda Brüsseldə keçirilən üçtərəfli görüş barəsində danışarkən deyib.
Deputat bildirib ki, dövlət başçısının həyata keçirdiyi siyasət düzgündür: “Brüssel görüşündə kommunikasiyaların açılması söhbəti də aparılıb. Zəngəzur dəhlizi istifadəyə verilməlidir. Bu, bizim bölgə, o cümlədən, digər dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. Görüşdə elə məsələlər müzakirə edilib, yəqin, heç mətbuatda da yoxdur. Amma addım-addım gedir ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın, sülh müqaviləsi imzalansın. Əsas məqsəd bundan ibarətdir. Düzdür, yenə Ermənistan çalışacaq ki, müəyyən qədər sülh müqaviləsini imzalamasın, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Çünki Ermənistanın ictimai-siyasi vəziyyəti gərgindir. Qarabağın işğaldan azad edilməsi ilə əlaqədar Paşinyana təzyiqlər kifayət qədərdir. Amma artıq torpaqlarımız azad olunub. Ermənistan başa düşməlidir, Azərbaycanla münasibətləri elə qurmalıdır ki, sabah yenidən problemi yaranmasın. Üç ay sonra yenidən görüşüb bu məsələni müzakirə edəcəklər. Faktiki olaraq Avropa İttifaqı istəyir ki, öz partonajlığı altında köməklik etsin. Bu, müsbət haldır”.
V.Əhmədov Brüssel görüşündə Prezident İlham Əliyevin Paşinyanla görüşü zamanı çəkilmiş fotosunu da analiz edib: “Cənab İlham Əliyev qalib dövlətin Prezidentidir. Ölkəsində elə bir ciddi problem yoxdur. Ona görə də, cənab Prezidentin atdığı addımlar, jestlər hamısı başadüşüləndir. Paşinyan isə faktiki olaraq məğlub dövlətdir, vəziyyəti də hazırda çox gərgindir. Artıq Ermənistanın özündə də bu barədə fikirlər səsləndirilir, şəkillər çəkilib paylaşılır. Başadüşüləndir. Ermənistanda Paşinyanı devirmək istəyən qüvvələr də var. Onun üzərində işləyirlər. Kimin devrilib, kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, sülhə gedilməli, müqavilə imzalanmalıdır. Cənab İlham Əliyevin etdiyi jestlər bir daha onu göstərir ki, o, dövlətinə, millətinə arxayındır və qalib dövlət kimi yenə bütün məsələləri başa çatdıracaq”.