Cəmiyyət 7 İyul 2022, 17:04 | Baxış sayı: 202
"AZAL bileti bu cür bahalaşdırıb ki, hava yolundan daha az insan istifadə etsin...”

“Quru sərhədlərin açılmaması xeyli vaxtdır, müzakirə olunur. Vətəndaşlar da müraciət edirlər. Aidiyyəti qurumlar bu barədə düşünür, vətəndaşların müraciətlərini götür-qoy edirlər. Hesab edirəm, quru sərhədlərlə bağlı yekun qərar verəcəklər. Biz də istərdik ki, gediş-gəliş normallaşsın, insanların rahatlıqları təmin edilsin. Görünür, hansısa ciddi bir səbəb var ki quru sərhədlərin açılması ləngiyir. Hökumət də bu məsələ ilə məşğuldur. Yəqin ki, yaxın zamanda açılqama verilər. Səbəbsiz heç nə olmur. Hamı istəyər ki, həmvətənlərimizin ölkəyə gediş-gəlişləri təmin olunsun, turistlərin sayı artsın. Nəsə əsas var ki, bu addım atılıb. Bəzi ölkələrdə artıq yoluxmaların sayında da artım müşahidə olunur. Görünür, səbəblərdən biri də pandemiyanın tam yekunlaşmamasıdır. Eyni zamanda qonşu dövlət Rusiya hazırda müharibə şəraitindədir. Əlbəttə, digər məsələlər də var…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat AZAL-ın təyyarə biletlərini bahalaşdırması barədə də fikir bildirib: “Təyyarə biletlərinin baha olması barədə də şikayətlər çoxdur. AZAL özü-özünü maliyyələşdirən şirkətdir. Düşünürəm, AZAL da daha çox vətəndaşın hava yolundan istifadə etməsini, daha çox gəlir qazanmağı istəyər. Bu isə ancaq qiymət ucuz olanda baş verir. Bilet baha olanda ancaq imkanlılar təyyarə reyslərindən istifadə edə bilirlər. Gərək, münasib qiymət olsun ki, digər vətəndaşlarımız da xidmətdən yararlansınlar. Qiymətlərin tənzimlənməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Sosial şəbəkələrdə də bu barədə çox tənqidlər var. Bütün sualları AZAL-a ünvanlamaq lazımdır. Açıqlama versin ki, nə səbəbdən qiymətlər bu qədər bahadır? AZAL rəhbərliyi bu məsələlərə münasibət bildirsə, yaxşı olar. Görünür, burda da bilmədiyimiz başqa bir problem var və AZAL bileti bu cür bahalaşdırıb ki, hava yolundan daha az insan istifadə etsin...”

Xəbərlər