Azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir"
“Amnistiya aktı daha çox hüquqi sənəddir. Ənənəvi olaraq Amnistiya qərarları bayram günləri ilə bağlı elan olunur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.
Deputat bildirib ki, amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir: “Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.
Deputat əlavə edib ki, onlar ağır və xüsusilə ağır cinayət törətmiş qohumları ilə bağlı Əfv Komissiyasının parlamentdən olan deputatlarına müraciət edə bilərlər: “1992-ci ildə olan amnistiya aktına ağır, xüsusilə ağır cinayət törətmiş şəxslər də daxil edilmişdi. Şəhid və qazi ailələrinin belə cinayət törətmiş yaxın qohumları ilə bağlı müraciətlərinə əfv məsələsi zamanı baxıla bilər”.