"Az miqdar, çox miqdar ümumi məhfumdur, qanunun əsas predmeti deyil"
"Şəxsi istehlak miqdarını azaltmaq yox, artırmaq lazımdır"
Satış məqsədi olmadan narkotik vasitələrlə psixotrop maddələrin hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına və s. görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.
Bununla bağlı məsələlər Milli Məclisin Səhiyyə Komitəsinin iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklər təklifində "şəxsi istehlak miqdarı" ifadəsinin "az miqdarda" ifadəsi ilə əvəz olunacağı bildirilir.
"Şəxsi istehlak miqdarından artıq" ifadəsinin "xeyli" sözü ilə əvəzlənməsi də təklif edilən dəyişikliklər sırasında yer alıb:
"Ağırlaşdırıcı hal olaraq qanuna xeyli külli miqdarda sözünün daxil ediləcəyi, bununla əlaqədar 15 ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiq ediləcəyi gözlənilir".
İrəli sürülən təklifləri qiymətləndirərkən Meclis.info-ya açıqlama verən narkotik məsələləri üzrə ekspert, Regional Sosial Təşəbbüslərə dəstək İctimai Birliyinin sədri Emil Maqalov söyləyib ki, hazırki şəxsi istehlak miqdarına qalsa, narkotik istifadəçilərinin 90 % -i həbs olunmalıdır.
Onun sözlərinə görə, əksinə, belə istifadəçilər müalicəyə göndərilməlidir:
"Müalicə müəssisələrində isə kifayət qədər yer yoxdur. Qalmışıq iki daş arasında. Ona görə də şəxsi istehlak miqdarını azaltmaq yox, artırmaq lazımdır".
Ekspert qeyd edib ki, narkotiklə mübarizə tədbirlərinin formatı dəyişdirilməli, müzakirələrə hədəf qruplar da daxil edilməlidir.
"Qanuna dəyişikliklər edərkən bu sahə üzrə ixtisaslaşmış ekspertlə məsləhətləşmək lazımdır. Əgər bu dəyişiklər qəbul olunsa, yenidən nəsə etmək üçün minimum 1 il vaxt lazım olacaq", - o əlavə edib.
Emil Maqalovun qənaətincə, istehlak miqdarını artırmaqla problemin yalnız 10 %-i həll oluna bilər. Problemin müəyyən qədər tam həlli, əslində, dövlətin narkoloji dispanserlərin sayını artırmaqda, ödənişsiz reabilitasiya mərkəzləri açmaqda maraqlı olmasından keçir.
Müsavat Partiyasının divan üzvü, vəkil Nemət Kərimli isə təklif olunan dəyişiklikləri müsbətə doğru bir addım kimi qiymətləndirir.
Onun fikrincə, azadlıqdan məhrumetmə cəzasını nəinki 15 ilə, hətta 20 ilə qədər artırmaq lazımdır:
"Məsələn, adam 100 kq heronin satışı ilə məşğuldursa, nəyə görə yalnız 6-7 il həbs olunmalıdır? Getsin 20 il həbsdə otursun ki, cəmiyyət də bundan təcrid olunsun".
Nemət Kərimli narkotiklə mübarizə aparmaq üçün müvafiq qanunun daha da təkmilləşdirilməsinin yaxşı olacağını vurğulayıb.
O, sonda qeyd edib ki, qanundan satış məqsədi ilə və satış məqsədi olmadan ifadələri çıxarılsa, o cümlədən təsnifatlaşdırma həcmə görə aparılarsa, istintaq işi daha da asanlaşa bilər.
Meclis.info sözügedən məsələylə bağlı Milli Məclisin Səhiyyə komitəsi ilə də əlaqə saxlamağa çalışıb. Çoxsaylı müraciətlərimizə baxmayaraq, yalnız komitə üzvü, deputat İlham Məmmədovdan cavab ala bildik, o da alayarımçıq.
Deputat öncə həmin iclasda olmadığını bildirsə də, daha sonra narkotikin miqdarı ilə bağlı sual doğuran müzakirələr getdiyini söyləyib.
"O az miqdar, çox miqdar ümumi məhfumdur, qanunun əsas predmeti deyil", - İlham Məmmədov qısaca deyib.
Mövcud statistikaya əsasən, 2021-ci il ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 8571 cinayət faktı qeydə alınıb ki, bu da ölkə üzrə baş verən cinayət hallarının 27.5 %-ni təşkil edib.
Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üzrə 4765 (55.6%), eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma üzrə isə 3275 (38.2 %) cinayət işi olub.
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə üzrə cinayət işlərinin sayı isə 377-dir (4.4%).
Meclis.info