Siyasət 3 Aprel 2023, 14:44 | Baxış sayı: 241
"AXC-Müsavat hakimiyyətinin xəyanətinin əziyyətini Kəlbəcərdən qovulmuş dinc insanlar çəkdi"

"Ərazilərimizin işğalı həmin dövrdə ölkədə mövcud olan özbaşınalıq və xaosun, AXC-Müsavat hakimiyyətinin xəyanətinin nəticəsi idi. Bu xəyanətin, özbaşınalığın əziyyətini isə öz yurd-yuvasından qovulmuş günahsız insanlar çəkdi".

 

Bu sözləri Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyib.

 

Onun sözlərinə görə, əgər o vaxtkı hakimiyyətdə təmsil olunan AXC-Müsavat cütlüyünün normal idarəetmə qabiliyyəti, səriştəsi olsaydı, Kəlbəcər işğal olunmazdı: "Məhz onların səhvi, hakimiyyət uğrunda davaları ucbatından ərazisi 1 936 kv.km olan Kəlbəcər erməni qəsbkarları tərəfindən tutuldu. İllərdir tor­paqlarımızı işğal altında saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi".

 

Deputat bildirib ki, Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu: "Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı”.

 

A.Məmmədov qeyd edib ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə elə bir reallıq yaratdı ki, kapitulyasiyaya imza atmamaq, Kəlbəcər rayonunu boşaltmamaq erməni ordusuna çox ağır itkilər bahasına başa gələ bilərdi:

 

"Azərbaycan ordusu Kəlbəcəri də azad edəcəkdi. Bunu bilən Ermənistan rəhbərliyi və onun havadarları təslimçilik bayrağını qaldırdılar. Bu baxımdan, Kəlbəcərin azad olunması da bilavasitə ordumuzun gücü ilə baş verdi".

 

Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib: "Ümummilli Lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Ulu Öndər 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. Təsadüfi deyil ki, Kəlbəcəri Azərbaycanın “qərb qapısı” adlandırırlar. Dövlət başçısı Kəlbəcərin bərpası, yenidən qurulması və gələcək inkişafı üçün lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Kəlbəcərdə də həyat öz axarına düşəcək”.

Mənbə: Report

Xəbərlər