"Avropanın anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı çirkin cəhdləri nəticəsiz qalacaq"
"Avropanın anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı çirkin cəhdləri nəticəsiz qalacaq".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Qarabağda uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən, regionda separatçılığın kökünün kəsilməsindən və reinteqrasiya prosesinin başlanmasından sonra bir sıra beynəlxalq təşkilatlar və bəzi dövlətlərin ali qanunvericilik orqanları Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb, ölkəmizlə təzyiq və hədə-qorxu dili ilə danışmağa cəhd edirlər: "Belə ki, son günlərdə vaxtı ilə torpaqlarımızın işğalına susan, Ermənistanın təxribatlarına bəraət qazandıran Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, habelə Niderlandın Nümayəndələr Palatası və İspaniyanın Senatı ölkəmizə qarşı qərəzli, birtərəfli, reallığı və həqiqəti açıqcasına inkar edən qətnamələr, tövsiyələr və bəyanatlar qəbul edib".
K.Bayramov deyib ki, bu sənədlər həmin qurumların Qarabağda mövcud olan reallıqlardan məlumatsız və uzaq olduğunu göstərmir: "Əksinə, onlar həqiqəti, regionda baş verənləri gözəl bilirlər. Sadəcə olaraq, bu sənədlər Azərbaycana qarşı bu cür münasibətin bilərəkdən, məqsədli şəkildə Ermənistanın və erməni lobbisinin uydurmaları və saxtakarlığı üzərində qurulduğunu nümayiş etdirir. Bu rəzil qurumlar anlamırlar ki, bu cür davranışla regionda kökünü kəsdiyimiz separatizmə dəstək verirlər, revanşist qüvvələrin baş qaldırmasına xidmət edirlər, mövcud olan gərginliyi daha da artırırlar, Cənubi Qafqazda təmin etməyə yaxın olduğumuz sülhə, təhlükəsizliyə, sabitliyə ciddi zərbə vururlar. Bu anti-Azərbaycan kampaniyasını təşkil edən bütün qüvvələr nəhayət bir həqiqəti anlamalıdırlar. Nə qədər ki Azərbaycana təzyiq etmək cəhdləri göstərilirsə, bir o qədər də ölkəmizin qətiyyəti artır, mövqeyi güclənir".
Milli Məclisin üzvü qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron həmin qüvvələrə mənsub olsa da, onun bu günədək "Azərbaycana qarşı sanksiyaların tətbiqi, təzyiqin göstərilməsi nəticə verməyəcək" fikri düz olub: Ona görə də Avropada Azərbaycanın əleyhinə işləyən qüvvələrə və dairələrə kağızlarına qənaət etməyi, səs tellərini qorumağı, reallığı qəbul etməyi və ona alışmağı məsləhət görürəm. Həmin qüvvələr nə qədər yazsalar da, səs-küy salsalar da, çirkin cəhdləri və səyləri faydasız olacaq, çünki Qarabağa sahibi qayıdıb və orada əbədi olacaq! report.az