Siyasət 26 Yanvar 2024, 3:39 | Baxış sayı: 105
"Avropalılar arxaik siyasətin daşıyıcıları olan kollektiv təşkilatlardan bezib"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili avropalıların arxaik siyasətin daşıyıcıları olan kollektiv təşkilatlardan, məsuliyyətsiz siyasətçilərdən bezdiyini deyib.

Deputat açıqlamasında bildirib ki, Almaniyada, Fransada fermerlərin, dəmiryolçuların tətil, etiraz edərək Brüsselə yürüş etməyə hazırlaşdığı bir vaxtda, bu ölkələrin deputatlarının Qarabağdan köçən ermənilərin taleyinə ermənilərdən çox acıması səmimi və inandırıcı deyil:

"Etiraf etməsələr də, tutalım ki, biz azərbaycanlı, müsəlman olduğumuz üçün 30 il ərzində bir dəfə də olsun haqlı səsimizə səs vermədilər. Bəs indi, öz seçicilərinin, xalqının dərdləri ilə niyə məşğul olmurlar, onların səsinə səs vermirlər, bütün güc və enerjilərini Azərbaycanı qaralamağa, erməniləri dəstəkləməyə həsr edirlər? Məgər, bu Avropa Parlamenti, AŞPA-nın başqa işi yoxdur?"

Komitə sədri qeyd edib ki, praqmatik avropalılarla söhbət etdikcə bu XX əsrdən qalma, arxaik siyasətin daşıyıcıları olan kollektiv təşkilatlardan, məsuliyyətsiz siyasətçilərdən hər kəsin bezdiyini aydın görmək olur.

T.Mirkişili vurğulayıb ki, ona görə də, bu cür səmərəsiz təşkilatların da sonu çatacağının uzaq gələcəkdə olmadığını demək mümkündür: "Yerlərinə isə səmərəli, ədalətli mexanizmlər formalaşacaq və bu prosesdə Azərbaycan aktiv rol oynayacaq".

report.az

Xəbərlər