Siyasət 15 Mart 2023, 15:02 | Baxış sayı: 112
"Avropa Parlamentinin ikili standartlar siyasəti sonda bumeranqa çevriləcək"

"İkili standartlar siyasətinin kökündə faktın özü yox, onun siyasi maraqlara uyğun təqdimatı durur. Çox təəssüf ki, Azərbaycan bir çox dönəmlərdə bu ikiüzlü yanaşma ilə qarşılaşmalı olur. Bəzi beynəlxalq təşkilatlar tərəfindən  ölkəmizə münasibətdə heç də hər zaman obyektiv, ədalətli mövqe tutulmur. Həmin təşkilatların qətnamələrində, hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe sərgiləyib. 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin amansızcasına məhv edilməsinə  göz yuman Avropa Parlamentinin ölkəmizi "Hayastana hərbi təcavüz etməkdə" suçlaması ikili standartların bariz nümunəsidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Deputat qeyd edib ki, qərəzli qətnamələri sanki Avropa yox, Ermənistan Parlamenti qəbul edir:

"Ermənistanın məğlubiyyətini həzm edə bilməyən, ermənilərdən daha çox erməniçilik edən "Avropa Parlamenti (AP) Azərbaycana qarşı düşmən münasibətindən  əl çəkmir. Azərbaycanın Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı əsas geosiyasi reallıq odur ki, Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağı hər kəsə aydın oldu. Azərbaycan işğalda olan ərazilərini beynəlxalq hüquqdan kənara çıxmadan, müharibə qanunlarına uyğun apararaq, heç bir sanksiyaya, təzyiqə bəhanə vermədən güc yolu ilə azad etdi, düşmənə sarsıdıcı zərbə vurdu. Bütün bu reallıqlara baxmayaraq qərəzli qurum ölkəmizə qarşı qarşı yeni-yeni ittihamlar irəli sürür. Belə ki, Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır". 

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Qarabağda 30 il ərzində heç kimin köməyi olmadan dağılan, talanan yerləri bərpa edir:

"Artıq vətəndaşlarımız öz dədə-baba yuvalarına qayıdır, ərazilər minalardan təmizlənir. Bu üç ilə yaxın müddətdə Azərbaycan çox böyük işlər həyata keçirir. Bu prosesləri bir çox dünyanın diplomatları, jurnalistləri öz gözləri ilə izləyirlər. AP qərəzli şəkildə ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyadır. Erməni lobbisinin əlinə baxan bu təşkilat beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. Bir sözlə, Hayastanın və erməni lobbisinin sədəqəsi ilə qidalanan Avropa Parlamentinin Azərbaycana nəsihət verməyə heç bir mənəvi haqqı yoxdur. Bu qurumun ikili standartlar siyasəti sonda bumeranqa çevriləcək".

Xəbərlər