Siyasət 6 Oktyabr 2023, 14:50 | Baxış sayı: 175
“Avropa Parlamenti qətnaməsinin hər bir bəndi anti-Azərbaycan mövqeyin nümayişidir”

“Qətnamənin hər bir bəndində Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin baş qaldırması Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin nümayişidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə bu qəbildən olan sonuncu qətnamə deyil: “Bu qurum Avropa məkanında anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Dəfələrlə heç bir fakta əsaslanmayan iftiralarla dolu qətnamələri qəbul etsə də, indiyə kimi həmin sənədlərin Azərbaycana hər hansı bir zərəri olmayıb. Ümumiyyətlə, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı hər kəsə məlumdur və heç bir çəkindirici qüvvəyə malik deyil. Sözügedən qətnamənin qəbulu Avropada ermənipərəst qüvvələrin hərəkətə keçdiyini göstərir və regionda sülh naminə görülən işlərə kölgə salmağa, sülh danışıqlarına zərbə vurulmasına hesablanıb”.

Milli Məclisin üzvü bildirib ki, həmin qətnamədə Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı hərbi əməliyyatlar keçirdiyi iddia edilir və orada qalan ermənilərə qarşı zorakılığa son qoyulmasına çağırılır: “Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi obyektləri məhv edib. Hətta hərbi obyektlərin yaxınlığında mülki əhalinin nümayəndələri olubsa, həmin obyektlərə zərbə endirilməyib. Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl etməklə görülən tədbirləri başa çatdırıb. Ancaq Qarabağ iqtisadi regionunda yaşayan erməni sakinlərin guya zorla qovulması, yenidən etnik təmizləmə ifadəsinin işlədilməsi Avropa Parlamentinin qətnaməsinin erməni lobbisinin diqtəsi ilə yazılmasından xəbər verir. Həmçinin qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi, Azərbaycandan qaz tədarükünün həcminin azaldılmasına çağırış edilir. Hazırda Avopa İttifaqı Azərbaycanla enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq edir. Eyni zamanda qaz tədarükünün həcminin artırılması istiqamətində də tədbirlər görülüb, müvafiq anlaşma memorandumu imzalanıb. Bununla da Azərbaycandan Avropaya nəql edilən qaz həcminin iki dəfə artırılması nəzərdə tutulub. Sözügedən məsələyə rəğmən Avropa Parlamenti bu əməkdaşlığa son qoymağa çalışır”.

K.Bayramov vurğulayıb ki, qətnamədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ittiham olunur: “Bu isə sözün əsl mənasında, paradoks mülahizələrdir. Qətnamənin hər bir bəndində Azərbaycan və Türkiyəyə qarşı ifadələrin yer alması Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin daha bir nümayişidir. Lakin Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq siyasətini həyata keçirməyə davam edəcək. Regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq, sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq”.

report.az

Xəbərlər