KOMİTƏ İCLASLARI 24 Yanvar 2023, 15:35 | Baxış sayı: 115
“Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qərarın sülhə xidmət etdiyinə inam azdır”

"Bu gün Avropa İttifaqı Şurasının Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qərarının sülhə xidmət etdiyinə inam azdır".

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Cənubi Qafqazın indi öz tarixinin ən həssas dövrlərindən birini yaşadığını söyləyən deputat əlavə edib ki, beynəlxalq təşkilatların regionla bağlı təşəbbüsləri sülhün, sabitliyin təmin olunmasına xidmət etməli, bütün tərəflərin maraqları nəzərə almalıdır:

"Ötən ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmaya uyğun olaraq, Ermənistan ərazisində mülki monitorinq missiyası həyata keçirilib. Bu missiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcəyinə müəyyən ümidlər var idi. Lakin Avropa İttifaqının üzvü olan bəzi ölkələrin qərəzli addımları nəticəsində monitorinq missiyasının Praqada əldə edilmiş razılaşmalara uyğun olmayan fəaliyyəti müşahidə olundu. Bu fakt missiyanın effektivliyinə, normallaşma prosesinə kömək edəcəyinə inamı ciddi şəkildə sarsıdıb”.

Deputat bildirib ki, Azərbaycan məsələ ilə bağlı kifayət qədər aydın və konkret mövqe nümayiş etdirib:

"Lakin Ermənistanın son addımları, müxtəlif yollarla sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışması bu missiyanın effektivliyinə əsaslı şübhələr yaradır. Artıq Azərbaycan öz rəsmi mövqeyini açıqlayıb".

"Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qərar Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanə olmamalıdır. Bu cür təşəbbüslər regionda vəziyyəti yenidən gərginləşdirə bilər. Ona görə də Ermənistan öz destruktiv mövqeyini dəyişməli, sülhün əldə olunması üçün real addımlar atmalıdır. Avropa İttifaqına üzv olan bəzi dövlətlər də vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir" - S. Məmmədov vurğulayıb.

Xəbərlər