"Artıq Laçında tramvayların istifadəyə verilməsilə bağlı işlər sürətlə həyata keçirilir"
Laçın şəhərinin mərkəzi küçəsində turistik tramvay fəaliyyət göstərəcək. Prezident İlham Əliyev Laçına səfəri zamanı tramvayın işləməsilə bağlı göstəriş verdi. Məlumdur ki, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən infrastruktur qurulur, buralar yaşıl enerjilə təmin olunur, ağıllı kəndlər salınır. Bir çox inkişaf etmiş ölkələrdə əsas nəqliyyat vasitəsi kimi tramvaylardan istifadə edilir. Bu həm hərəkəti asanlaşdırır, həm də ekologiyanın qorunmasına xidmət edir.
Paytaxt Bakıda da tramvayın hərəkət etdiyi dövr var idi. Vaxtaşırı tramvay xətlərinin yenidən qurulması ilə bağlı müzakirələr aparılır. Bəs, Qarabağın şəhərlərinə də əsas nəqliyyat kimi tramvay xətti çəkilə bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında deyib ki, Laçın, Füzuli və Zəngilanda məskunlaşma prosesinə uyğun olaraq nəqliyyat infrastrukturunun formalaşdırıldığını müşahidə edirik:
“Bu, çoxşaxəli olacaq. Baş plana uyğun olaraq, bir növ nəqliyyat deyil, fərqli nəqliyyat vasitələri fəaliyyət göstərəcək. Velosiped zolaqları da çəkilir. Demək olar ki, bütün şəhərlərin baş planlarında bu məqam nəzərə alınıb”.
Deputatın sözlərinə görə, artıq Laçında tramvayların istifadəyə verilməsilə bağlı işlər sürətlə həyata keçirilir:
“Bakı şəhərində də bu məsələ ilə bağlı intensiv müzakirələr gedir. Xüsusən Avropa ölkələrində tramvay xətlərindən geniş istifadə olunduğunu görürük. Bu, daha rahat və sürətli hərəkəti təmin edir. Tramvay infrastrukturu şəhərə həm də görünüş olaraq gözəllik gətirir. İşğaldan azad olunmuş şəhərlərin hər birində tramvay infrastrukturunun qurulması və istifadəyə verilməsi məqsədəuyğundur. Düşünürəm ki, bu istiqamətdə müzakirələr davam edəcək”.
demokrat.az