Cəmiyyət 13 İyul 2021, 15:22 | Baxış sayı: 322
“Artist, çoban da namizədliyini verib, seçilə bilər və bunun qarşısını heç kəs ala bilməz”

Rusiya Lideral Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasında (parlamentdə) kosmonavtların, rəssamların, şairlərin, idmançıların və estrada ulduzlarının təmsil olunmasına qarşı çıxıb. O, Dumanın hazırkı tərkibini kəskin şəkildə tənqid edərək, qeyd edib: “Siyasi partiya belə şəxslərin deputatlığa namizəd verilməsinə razı olmamalıdır. Bura filarmoniya və ya İdman Nazirliyi deyil”.

Jirinovskinin bu fikrinə azərbaycanlı deputatlar da münasibət bildirib. 

Mövzu ilə bağlı “Yeni Müsavat”a müsahibə verən millət vəkili Razi Nurullayev məsələyə  3 aspektdən yanaşdığını bildirdi:

“Birinci məsələ ondan ibarətdir ki, insanların  hüquqlarını məhdudlaşdırmaq olmaz. Kim istəyirsə, qanunvericiliyin tələblərinə uyğun namizədliyini irəli sürüb, deputat ola bilər. İnsanlara demək olmaz ki, ”sən aktyor və yaxud müğənnisən, buna görə də sən deputat ola bilməzsən". Bu hansı qanunda yazılıb? Qanunvericilik baxımdan hüquqları məhdudlaşdırmaq mümkün deyil.

İkincisi, mənəvi baxımdan da onların hüquqlarının məhdudlaşdırılması doğru deyil və düşünmürəm ki, kimsə buna cəhd etsin və yaxud onun cəhdi müsbət qarşılansın. Daha bir məqam, heç bir qanunvericilikdə mədəniyyət və yaxud idman adamlarının hüquqlarının məhdudlaşdırılması təsbit olunmayıb. Qanunvericilik səviyyəsində də bu mümkün deyil.

Məsələn, ola bilər ki, partiyalar bununla bağlı qərar qəbul edə bilər ki, onların namizədlərlə bağlı təqdim etdikləri siyahıda aktyor, şair, rəssam olmasın. Lakin məlum olduğu kimi, cəmiyyətdə mədəniyyət adamları, müğənnilər, aktyorlar və bu kimi insanların böyük nüfuzu və reytinqi olur. Əgər partiyalar bu məsələ ilə bağlı hər hansı qərar qəbul edərsə, bu zaman partiyanın nüfuzuna mənfi təsir göstərə bilər. Ona görə də hesab edirəm ki, heç bir partiya bu barədə qərar qəbul etməz. Azərbaycanda da mədəniyyət insanları, o cümlədən müğənni, artist, çoban da, adi insan da namizədliyini verib, seçilə bilər. Bunun qarşısını heç kəs ala bilməz. Hesab edirəm ki, Rusiyada da belədir. Sadəcə, Jirinovski hərdən bu şəkildə gündəmə gəlməyi sevən siyasətçilərdəndir".

Məsələ ilə bağlı Fazil Mustafa da mövqeyini bildirdi:

“Əgər kimlərsə siyasi kimliyini peşə kimliyindən daha önə çəkə bilirlərsə və cəmiyyətdən də dəstək ala bilirlərsə, bunun nəyə ziyanı ola bilər?

Pakistanın indiki baş naziri İmran Xan onqat dünya çempionudur. O, vaxtilə beynəlxalq kriket oyunçusu olub. Əgər İmran Xan siyasətdə də performans göstərə bilirsə, niyə də olmasın. Söhbət başqa məsələdən gedir. Müğənni, yazıçı, istərsə də bu kimi sahənin adamı lal, susqun, sadəcə, maaş almaq, yer tutmaq üçün parlamentdə görünürsə, bunun özü bir problemdir. Yox, əgər aktiv insandırsa, sənətin, mədəniyyətin problemlərini qaldırırsa, bunun nəyi pisdir?

Jurnalistika sahəsində də belədir. Jurnalistin yaxşı olduğunu yalnız jurnalist peşəsini bitirdiyinə görə müəyyənləşdirmək olmaz. Bəzən başqa sahədən də savadlı, bilgili insanlar bu sahədə daha böyük fayda verə bilir, daha gözəl reportajlar, analitik yazılar ortaya qoyurlar.

Ona görə də hesab edirəm ki, Jirinovskinin iradı parlamentdə müəyyən dərəcədə idman, incəsənət  sferasından gələn, işini yalnız düymə basmaqla bitmiş hesab edən insanlara qarşı yönəlib və əslində haqlıdır. Çünki parlament yalnız düymə basma yeri deyil, əksinə, siyasi fəallıq yeridir. Müəyyən mənada insanların problemlərinin dilə gətirilməsi yeridir. Əgər bu yoxdursa, orada hansısa mexaniki funksiyanı yerinə yetirməklə parlament üzvü olmaq olmaz. Bu nöqteyi-nəzərdən Jirinovski haqlıdır. Lakin qeyd etdiyim kimi, bütövlükdə peşə üzrə parlamentin müəyyənləşməsi yanlışdır. Elə adam ola bilər ki, onun təhsili olmasın, amma cəmiyyətin kifayət qədər problemlərini gündəmə gətirsin. Məsələn, 20-ci əsrin əvvəllərində fəallıq göstərmiş azərbaycanlı ziyalılara baxaq. Əbdürrəhim bəy Haqverdiyev zamanında Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmişdi. Və yaxud Əhməd Ağaoğlu alim idi, amma 3 parlamentin deputatı olub. Yəni burada söhbət fəallıqdan gedir, qalan məsələlər o qədər də önəmli deyil".

Xəbərlər