Cəmiyyət 30 Sentyabr 2022, 11:45 | Baxış sayı: 233
"Aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin"

“Deputatların bir çoxuna daxil olan müraciətlərin 20%-i alimentlərlə bağlıdır”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik: “Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin və verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm bu məsələni nəzərə alsınlar”.

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, alimentin ödənilməməsinə görə cinayət məsuliyyəti var və məhkəmə təcrübəsində də bu, tətbiq olunur: “Bu Konvensiyaya qoşulmağımız valideynləri xaricdə olub aliment ödəməyən uşaqları əhatə edəcək və bu problemlərin həllinə təsir edəcək”.

Mənbə: Pravda.az

Xəbərlər