“Ali məktəblərdə boş yerlərə görə keçid balları aşağı salına bilər”
“İxtisas qrupları üzrə imtahan nəticələri ilbəil pisə doğru dəyişir”.
Bu sözləri Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Millət vəkili Dövlət İmtahan Mərkəzi (DİM) sədri Məleykə Abbaszadənin II ixtisas qruplarında 290 bal və üstü yığanların dövlət sifarişi əsasında oxumaq şanslarının olacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, DİM sədri açıqlamasında qeyd edib ki, II qrupda dövlət sifarişli yerlərin sayı 4.325-dir. Onun sözlərinə görə, dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4.126 nəfər var və 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq.
E. Əliyev isə diqqəti ona yönəldib ki, hazırda II qrup üzrə 18 mindən çox abituriyentin 10 mindən çoxu 150-dən çox bal yığıb:
“Bu, bir qrup vəziyyətin necə acınacaqlı olduğunu dərhal özündə büruzə verir. Əslində, dövlətin vətəndaşa qayğısı olaraq hər il dövlət sifarişi yerlərinin sayı çoxalır. Çünki tələbələrin təhsil haqlarının 2 cür ödəniş üsulu var. Birincini dövlət, ikincisini isə valideynin özü ödəyir. Ali məktəb üçün isə fərqi yoxdur ki, pulu dövlət ödədi, yaxud vətəndaş. Ali məktəblər həmin vəsaitinin 80%-dən çoxunu müəllimlərin əməkhaqqına, yerdə qalanları isə universitetin digər xərclərinin qarşılanmasına xərcləyir”.
Deputat söyləyib ki, 290 baldan yuxarı dövlət sifarişinə sənəd vermək qaydası birmənalı olaraq vəziyyətin kəskin şəkildə pis olduğunun göstəricisidir:
“Digər tərəfdən isə Elm və Təhsil Nazirliyinin rəhbərliyi, eləcə də aidiyyəti şəxslər çıxışlarının çoxunda islahatların baş tutmasından danışırlar. Əslində, islahat dəqiq və düzgün aparılsaydı, tələbənin müvəffəqiyyətində də özünü göstərməliydi. Əgər bir ixtisas qrupu üzrə 10 mindən yuxarı abituriyent 150 baldan yuxarı nəticə göstərirsə, bu, o deməkdir ki, ali məktəblərdə boş yerlərin yaranmaması üçün ola bilsin, keçid balları da aşağı salınsın. Çünki plan yerləri var ki, həmin plan yerlərini Nazirlər Kabineti müəyyənləşdirir və plan yerlərinin dolması üçün Elm və Təhsil Nazirliyi ilə yanaşı Dövlət İmtahan Mərkəzi də çalışır”.
Müsahibimiz iddia edib ki, bu qurumlar çalışırlar ki, plan yerləri dolsun:
“Ancaq plan yerlərini doldurmaq üçün dövlət ali məktəblərinə 150-200 bal toplamış və ali məktəbdə tələbə adı qazanmış abituriyentdən müəllimlər necə mütəxəssis hazırlayacaqlar? Axı belə tələbələrlə biz necə insan kapitalını formalaşdıra biləcəyik?
Hesab edirəm ki, dövlət sifarişi ilə olan yerlərin artımı vətəndaşların xeyrinədir, biz də bunu zaman-zaman dəstəkləmişik. Ancaq balların get-gedə aşağı düşməsi və aşağı bal toplayanların dövlət sifarişinə aid edilməsi müəyyən dərəcədə disproporsiya yaradır. Söhbət bundan gedir”.
yenisabah.az