Plenar iclaslar 14 Oktyabr 2022, 12:31 | Baxış sayı: 286
"Ali məktəbi bitirən müəllim işləmək üçün niyə yenidən testdən keçməlidir?"

“Müəllimlərlə bağlı çox böyük problem var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, dövlət ali təhsil müəssisəsini bitirən müəllimlər var: “Elələri var ki, müəllim ixtisasını qırmızı diplomla bitirir, amma həmin şəxs müəllim işləmək üçün yenidən imtahan verməli olur. Dövlət buna diplom verib, bunun biliyini qiymətləndirib. Bunun 4 il-6 il oxuduğu təhsili qoyurlar qırağa, Təhsil Nazirliyində yaranmış bir komissiya var ki, müəllimliyi bitirənlər o komissiyadan keçəndən sonra müəllim işləyə bilir. Bizdə çox sayda müəllim var. Onların hamısının attestasiyadan keçməsi nə dərəcədə düzgündür? Ola bilər ki, ixtisasartırma tətbiq olunsun. Yeni sistemə doğru biz gediriksə, müəllimlərin, həkimlərin təkmilləşdirilməsi institutu var. Bu institutlarda yenilikləri onlar öyrənə bilər. Amma ali məktəbi bitirən müəllim işləmək üçün niyə yenidən testdən keçməlidir? Artıq başqa sahələrdə bu, tətbiq edilməyə başlanıb. Xaricdə belə şey olsa, Harvard Universitetini oxuyan imtahandan keçməsə, o gedib Harvard Universitetini məhkəməyə verər. Burada oturub ya Lerikdə, ya Qazaxda, ya Naxçıvanda müəllim təyin etmək doğru sistem deyil. Bu sistem haradan gəlib bizə çıxıb, mən bilmirəm. Aidiyyəti strukturlar bu sistemi təkmilləşdirsə, daha yaxşı olar”.

Mənbə: apa.az

Xəbərlər