"Ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır".
“Fiziki və zehni fəaliyyətlə məşğul olan insanlara eyni yaşda təqaüdə çıxmaq tələbi qoymaq olmaz”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır: “Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənilməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir. Veteranlara verilən pul da 80 manatdan 130 manata qaldırılmalıdır”.