Siyasət 17 Noyabr 2023, 18:14 | Baxış sayı: 185
"ABŞ-nin qərəzli münasibəti Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təxribatdır"

"ABŞ-nin ölkəmizə qərəzli münasibət bəsləməsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin tanınmasına qarşı bir təxribatdır".

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağın gələcəyi mövzusunda dinləmələr keçirilib və həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn çıxış edib. O, anti-Azərbaycan bəyanatlar səsləndirərək Azərbaycana qarşı qərəzli ifadələr işlədib.

"Bu tədbirin keçirilməsi və xüsusilə də onun mövzusu ilə bağlı demək istəyirəm ki, artıq Dağlıq Qarabağ deyilən bir yer yoxdur. Qarabağ Azərbaycanın suveren ərazisi olduğundan Qarabağ İqtisadi Rayonu mövcuddur və bununla bağlı bu cür ifadələrin verilməsi həm Azərbaycana, həm də beynəlxalq hüquqa hörmətsizliyin nümunəsidir. Eyni zamanda, tədbirdə səsləndirilən fikirlərlə bağlı düşünürəm ki, bu günə qədər ABŞ Azərbaycanın bölgədə Cənubi Qafqaz regionunda yaratdığı reallıqları qəbul etmir və ümumiyyətlə, Azərbaycanın müstəqil bir dövlət kimi inkişafından, eyni zamanda güclü və qüdrətli orduya malik olduğundan, 44 günlük Vətən müharibəsində, eləcə də lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın beynəlxalq hüquqa uyğun hərəkət etməsi ABŞ-ni bu gün də narahat edir. ABŞ-nin bu davranışı Cənubi Qafqaz regionunda bərqərar olunmağa başlanılan sülh prosesinə, sabitliyə əmin-amanlığa xidmət etmir, əksinə, regionumuzda gərginliyi daha da artırır.

Onu da bildirək ki, ABŞ 30 ilə yaxın müddət ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub və biz o dövrlərdə də ABŞ-nin qərəzli münasibətinin şahidi olmuşuq. Burada heç bir neytrallıqdan söhbət gedə bilməz. Bu gün də ABŞ öz rəsmi şəxslərinin dili ilə bildirir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. ABŞ, ümumiyyətlə, neytrallığını tam itirmiş bir dövlətdir", - deputat qeyd edib.

K.Bayramovun sözlərinə görə, bu gün Vaşinqtonun bu cür hərəkətlərini həm Qəzzada, həm də Ukraynada görmək mümkündür: "Eyni zamanda, postsovet regionunda da bunu açıq-aşkar görürük. Sual olunur, əgər bu gün ABŞ keçmiş Qarabağ münaqişəsinin həllini istəyirdisə, niyə 30 ilə yaxın müddət ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin icrasını təşkil etmirdi, ona çalışmırdı, dövlətlərə çağırış etmirdi?! Bu gün ABŞ siyasətinin əsas istiqaməti Azərbaycanı təxribata çəkmək, Azərbaycana göstərilən yardımı kəsməkdir. Amma təbii ki, Azərbaycanın buna heç bir ehtiyacı yoxdur. Azərbaycan müstəqil, özünü təmin edə bilən bir dövlətdir. Düşünürəm ki, bu cür tədbirlərin keçirilməsi də Azərbaycan üçün heç bir məna daşımır, heç bir öhdəlik yaratmır".

report.az

Xəbərlər